QAN YADDAŞI


Riqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş növbəti tədbir keçirilib

Riqa, 26 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə Riqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.

AZƏRTAC xəbər verir ki, Riqa şəhərinin mərkəzi “K.Suns” kinoteatrında keçirilən tədbirdə Latviyada yaşayan Azərbaycan icması və bu ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Əvvəlcə ölkəmizin müstəqilliyi uğrunda canından keçən qəhrəman vətən övladlarının və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının latviyalı üzvü, tədbirin təşkilatçılarından olan Amil Səlimov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalıda törədilən vəhşiliklər barədə geniş məlumat verib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş Sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə 7 min nəfərədək əhalisi olan Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə qətlə yetiriblər.

Sonra Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib.

Sonda ehsan süfrəsi açılıb. Həmçinin tədbir iştirakçılarına soyqırım ilə bağlı broşürlər paylanılıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.