İDMAN
Ross Braun: Formula 1 yürüş formatını dəyişməməlidir, çünki mövsüm başa çatmayıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Cari Formula 1 çempionatının başa çatmasına hələ 3 mərhələ qaldığına baxmayaraq, mövsümün çempionunun adı artıq növbəti Qran-Pridə məlum ola bilər.
Seriyanın idarəçi direktoru Ross Braunun fikrincə, indi Kral yürüşlərinin baxımlılığını artırmaq üçün yeni formatları sınaqdan keçirmək vaxtı deyil. Məsələn, bir ideyaya görə start düzülüşünün dəyişdirilməsi nəzərdə tutulurdu.
AZƏRTAC xəbər verir ki, Ross Braun deyib: “Bu yaxınlarda belə söhbətlər oldu ki, biz ilin sonunda formatlarla bağlı eksperimentlər keçirməliyik, lakin mövsüm hələ başa çatmayıb. “Haas” ilə “Reno” dördüncü yer uğrunda hələ də mübarizə aparırlar, başqa rəqiblər də var. Buna görə də biz yürüşlərin formatını dəyişməməliyik. Reallıq belədir ki, çempion məlum olsa da, mövsüm hələ başa çatmayıb. Biz heç kəsin gözləmədiyi halda qəflətən deyə bilmərik: “Biz bu həftə filan qaydanı dəyişməyə, filan işi görməyə hazırlaşırıq, filan işi görəcəyik”.
Ross qeyd edib ki, seriyaya yeni formatlar tətbiq etməzdən əvvəl nəyin həqiqətən işlədiyini və nəyin işləmədiyini başa düşmək üçün bu formatları kompüter modelləşdirilməsi variantında yoxlamaq lazımdır.