İQTİSADİYYAT
“Rumıniya qaz konfransı”nda Azərbaycanın müasir enerji strategiyasından bəhs olunub
Oktyabrın 28-29-da Buxarestdə “Rumıniya qaz konfransı” keçirilib. Konfransda bu ölkənin dövlət və hökumət nümayəndələri, neft-qaz sənayesi sahəsində fəaliyyət göstərən aparıcı xarici şirkətlərin rəhbərləri, iş adamları, investorlar, enerji sahəsində çalışan mütəxəssis və ekspertlər iştirak ediblər. ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov da iştirakçılar arasında olub.
H.Kərimov “Rumıniya və regionda təbii qaz sənayesi üçün imkanlar və çağırışlar” mövzusuna həsr olunan paneldə çıxış edib. O öz çıxışında Qara dəniz və Xəzər dənizi ölkələrinin regional əməkdaşlığı, Avropanın qaz bazarı, Azərbaycan təcrübəsi, Rumıniya üçün imkanlar və digər mövzulara toxunub. Ölkəmizin neft strategiyası, enerji siyasəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verən H.Kərimov Avropanın enerji xəritəsini dəyişəcək TAP və TANAP layihələrindən, eləcə də XXI əsrin layihəsi adlandırılan “Cənub qaz dəhlizi”ndən bəhs edib. O, ARDNŞ-in Qara dəniz bölgəsində enerji sahəsindəki strateji layihələrdə region ölkələri ilə birgə çalışmağa, öz təcrübəsini bölüşməyə hazır olduğunu vurğulayıb.
Sonda ARDNŞ-in Rumıniya nümayəndəliyinin rəhbəri tədbir iştirakçılarını və qonaqları maraqlandıran sualları cavablandırıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest