SİYASƏT
Rusiyalı politoloq viran qoyulmuş Ağdama dair fotoşəkilləri paylaşıb
Moskva, 5 may, AZƏRTAC
Qarabağ. Ağdam. Çörək muzeyi. Ağdam bütünlüklə dağıdılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə politoloq, Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun Baş direktoru Sergey Markov Ağdama səfərdən sonra özünün feysbuk səhifəsində yazıb.
“Fikrimcə, gözəl freskalara görə məhz bu bina Ağdamın tam bərpasından sonra belə vəziyyətdə vandalizm və vəhşilik abidəsi qismində qalacaq. Xirosimada dağıdılmış bir bina qaldığı kimi”, - deyə rusiyalı politoloq Ağdamda ermənilər tərəfindən viran qoyulan Çörək muzeyinin binasının şəklini paylaşıb.
S.Markov heyrətlə bildirib ki, bəzi insanlar ermənilərin Qarabağda vəhşi hərəkətlərini ört-basdır edərək, onları müdafiə etməyə çalışırlar. O yazıb: “Bəziləri məni bu vəhşilik barədə yazmaqda və fotolar paylamaqda qınayırlar. Mənə isə elə gəlir ki, məhz susmaq yolu ilə barbarlığın müdafiə edilməsi - millətlərarası ədavətin qızışdırılması və gələcəkdə baş verəcək qarşılıqlı cinayətlərə yol açılmasıdır. Sülhə aparan yol törədilmiş cinayətin etiraf edilməsindən keçir”.
S.Markov, həmçinin Ağdamdakı Mədəniyyət sarayının xarabalıqlarının fotoşəkillərini bölüşüb. “Əhalisinin ümumi sayı təqribən 200 min, o cümlədən şəhər əhalisi 65 min olan, vaxtilə çiçəklənən Ağdam yerlə-yeksan edilərək 25 ildən artıq boş vəziyyətdə qalıb. Kütləvi qırğın və etnik təmizləmə təhlükəsi ilə üzləşən sakinlər hamı bir nəfər kimi buranı tərk ediblər. 25 ildən artıq müddətdə Ağdamda heç kəs məskunlaşmayıb. İşğalçı ermənilər şəhəri boş saxlayıb. Burada törədilmiş vəhşilik insanı çox sarsıdır. İnsanlığa ümidsiz baxmağa başlayırsan. Ümidvarıq ki, sivilizasiya tezliklə Ağdama qayıdacaq”, - deyə politoloq təəssüratları ilə bölüşüb.
S.Markov izləyicilərinə erməni işğalçıların Qarabağ torpağında qoyub getdikləri minalanmış ərazilərdən söhbət açıb: “Neytral zolaqda isə qeyri-adi gözəllikdə çiçəklər bitir. Vladimir Vısotski bir mahnısında oxuduğu kimi. Bu çiçəklər isə Ağdam yaxınlığında Qarabağda keçmiş neytral zolaqdakı minalanmış ərazilərdə bitir. Bu çiçəklərə baxıb zövq ala bilərsiniz. Lakin onları dərmək olmaz. Çünki minada partlamaq təhlükəsi var”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva