Zelenski: Ukrayna müharibənin diplomatik yolla başa çatdırılmasının istənilən formatına hazırdır
Kiyev, 3 iyun, AZƏRTAC
Ukrayna müharibənin diplomatik yolla başa çatdırılması üçün istənilən formata, o cümlədən Rusiya Prezidenti Vladimir Putin ilə birbaşa danışıqlara hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə NATO-nun baş katibi Mark Rütte ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Prezidentin sözlərinə görə, Kiyev danışıqlar aparacaq nümayəndələrin cəlb edilməsi ilə bağlı ABŞ tərəfi ilə daim əlaqə saxlayır. Lakin bu proses xeyli uzanır.
“Biz danışıqlar qrupunun gəlişini gözləyirik. Ancaq bu gün ABŞ-nin diqqət mərkəzində biz deyilik. ABŞ üçün bir nömrəli məsələ İrandır, Ukrayna isə ondan sonra gəlir. Təəssüflər olsun, belə çıxır ki, biz bu müharibələr sırasında növbə gözləyirik”, – deyə o qeyd edib.
Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, Rusiyanı müharibəni dayandırmağa məcbur edə biləcək ən böyük təsir rıçaqlarına məhz ABŞ malikdir.
Ukrayna üçün ən uyğun variant sülh prosesinə həm Vaşinqtonun, həm də Avropanın cəlb olunmasıdır. Çünki danışıqlar masası arxasında Avropa təmsil olunmasa, Avropa İttifaqının maraqları eşidilməyə bilər.
V.Zelenski bildirib ki, Ukrayna üçün əsas prioritet döyüş əməliyyatlarının mümkün qədər tez dayandırılmasıdır. Buna görə də ölkə sülhə yaxınlaşdıracaq istənilən formatı dəstəkləməyə hazırdır.
“Mən bu müharibəni başa çatdırmaq üçün Putinlə birbaşa danışıqlara hazıram. Dünyadakı bütün münaqişələrin bitməsini və yalnız bundan sonra növbənin bizə çatmasını gözləməkdənsə, buna üstünlük verirəm”, – deyə o vurğulayıb.
Prezident əlavə edib ki, cəbhədəki mövcud vəziyyət, eləcə də Ukraynanın Rusiya Federasiyasının dərinliklərində həyata keçirdiyi uğurlu zərbələr diplomatiya üçün möhkəm zəmin yaradır. Bu isə Ukraynaya bu gün “istənilən formatda ruslarla bərabərhüquqlu şəkildə danışmağa və bu müharibəni başa çatdırmağa” imkan verir.