“Rheinmetall” Beynəlxalq Aerokosmik Sərgisində ən son hərbi texnologiyalarını təqdim edəcək
Berlin, 4 iyun, AZƏRTAC
Almaniyanın müdafiə sənayesi nəhəngi “Rheinmetall” iyunun 10-14-də keçiriləcək Berlin Beynəlxalq Aerokosmik Sərgisində (ILA Berlin 2026) ən son hərbi texnologiyalarını nümayiş etdirəcək.
AZƏRTAC xəbər verir ki, şirkət Berlin-Brandenburq aeroportunun ərazisində təşkil olunacaq sərgidə 840 kvadratmetrlik ekspozisiya ilə təmsil olunacaq. “Rheinmetall” sərgidə pilotsuz döyüş aviasiyası, hava hücumundan müdafiə, kosmik kəşfiyyat və zərbə sistemləri sahəsində hazırladığı həlləri təqdim edəcək. Əsas yeniliklər arasında Almaniya Ordusunun 2029-cu ilədək əldə etməyi planlaşdırdığı “MQ-28 Ghost Bat” pilotsuz döyüş aparatı, hava və meteoroloji şəraitdən asılı olmayaraq yüksək dəqiqlikli müşahidə imkanları təmin edən “SAR” kəşfiyyat peykləri, həm kəşfiyyat, həm də zərbə funksiyalarını özündə birləşdirən “FV-014” kamikadze pilotsuz aparatı yer alır.
Şirkət, həmçinin Ukraynadakı müharibə fonunda Avropada artan tələbat nəzərə alınaraq hazırlanan “Skyranger 30” mobil hava hücumundan müdafiə sistemini nümayiş etdirəcək. Ekspozisiyada xüsusi təyinatlı bölmələr üçün nəzərdə tutulmuş “Caracal” hava-desant maşını və Almaniyanın Veeze şəhərində istehsal olunan “F-35 Lightning II” qırıcı təyyarəsinin gövdə hissəsinin modeli də sərgilənəcək.
“Rheinmetall”ın açıqlamasında şirkətin özünü NATO və tərəfdaş ölkələr üçün bütün əməliyyat imkanlarına dair kompleks müdafiə həlləri təqdim edən sistem təminatçısı kimi mövqeləndirdiyi bildirilib.