DÜNYA
SƏDDAM HÜSEYN ÖLÜM HÖKMÜNDƏN APELLYASİYA VERMİŞDİR
AZƏRTAC Assoşieyted Press agentliyinə istinadla xəbər verir ki, dekabrın 3-də sabiq İraq Prezidenti Səddam Hüseyn onun barəsində ölüm hökmü çıxaran məhkəmənin qərarından apellyasiya vermişdir.
Noyabrın 5-də məhkəmə Səddam Hüseyni və onun iki silahdaşını - İraq kəşfiyyatının sabiq başçısı İbrahim ət-Tikritini və İnqilab Şurasının başçısı Əvvad Həmid əl-Bəndarı “insanlığa qarşı cinayətlərə görə” dar ağacından asılmaqla ölüm cəzasına məhkum etmişdir.
İraqın sabiq vitse-prezidenti Təha Yasin Ramadan ömürlük həbs cəzasına məhkum olunmuşdur. Daha üç nəfərin hərəsi 15 il həbs cəzası almışdır. Onların hamısı 1982-ci ildə Əd-Duceyl şəhərciyində 148 şiənin qətlə yetirilməsində müqəssir sayılmışdır. Həmin hadisə orada Prezidenti müşayiət edən avtomobil karvanına basqından sonra baş vermişdir.
Müttəhimlərdən biri məhkəmə salonunda tam bəraət almış və azadlığa buraxılmışdır.