İQTİSADİYYAT
SƏNAYE SAHƏLƏRİNDƏ İNKİŞAF MEYİLLƏRİ GÜCLƏNİR
Regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin uğurla həyata keçirildiyi İsmayıllı rayonunda son illər yerli sənayedə güclü inkişaf meyilləri özünü göstərir. Rayon icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, son iki ildə ənənəvi sahə olan xalçaçılığın yenidən dirçəldilməsi və inkişafı ilə əlaqədar xeyli işlər görülmüşdür. Fəaliyyəti dayanmış İsmayıllı və Qalacıq xalça müəssisələrinin bazasında yeni İsmayıllı xalça sexi, habelə bu sahə üzrə 4 özəl sex yaradılmışdır. Basqal qəsəbəsində kəlağayı istehsal edən sex açılmış, Lahıc qəsəbəsində misgərlik məmulatlarının, xalçaçılıq və toxuculuq məhsullarının istehsalı bərpa olunmuşdur.
Şərab emalı müəssisələri, kərpic zavodu, quşçuluq fabriki istehsal sahələrini genişləndirir.
Rayonda təkcə son bir ildə 9,1 milyard manatlıq (köhnə pulla) sənaye məhsulları istehsal edilmişdir ki, bu da əvvəlki ildəkindən 48 faiz çoxdur.