MƏDƏNİYYƏT
ŞƏRQ MUSİQİSİ SƏRHƏD TANIMIR
Beynəlxalq Fransa radiosu “Şərq təranələri” III Beynəlxalq musiqi festivalı adlı disk buraxmışdır. Həmin disk dünyanın müxtəlif ölkələrinin 700 radiostansiyasına göndərilmişdir. Bu barədə AZƏRTAC-ın müxbirinə “Şərq təranələri” festivalları təşkilat komitəsinin məsul katibi Səidəmin Əhrarov məlumat vermişdir.
Məlum olduğu kimi, bu festivalda Azərbaycanın xalq artisti, YUNESKO mükafatı laureatı Alim Qasımov baş mükafata layiq görülmüşdü.
Hər diskə mahnıların fransız, ingilis, ispan və portuqal dillərində xüsusi kataloqu əlavə olunmuşdur. Kataloqda Səmərqənd festivalının qısa tarixçəsi və mahnılara şərhlər də verilmişdir.
Yeni diskə festivalın qalibi Alim Qasımovun “Cahargah” muğamı daxil edilmişdir. Bundan başqa, diskə festivalda iştirak edən Özbəkistan, Rusiya, Türkiyə, Gürcüstan, İtaliya, Qırğızıstan, Əlcəzair musiqiçilərinin ifa etdiyi on üç əsər də salınmışdır.
Səidəmin Əhrarov daha sonra demişdir: - Beynəlxalq Fransa radiosunun musiqi direktorluğu III Beynəlxalq musiqi festivalına həsr olunmuş silsilə radio proqramlarına hazırlıq işini də başa çatdırmışdır. Bu proqramlarda Azərbaycan muğam sənəti təmsil olunacaq, muğam ustası Alim Qasımov öz bənzərsiz ifasını təqdim edəcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd