İQTİSADİYYAT
SOCAR “TOTAL” şirkəti ilə neft-qaz sektorunda daha sıx əməkdaşlığın təşkilini müzakirə edib
Bakı, 15 oktyabr, AZƏRTAC
SOCAR-ın prezidenti Rövnəq Abdullayev “TOTAL Energies” şirkətinin Karbon neytrallığı və Avropa qitəsi üzrə aparıcı vitse-prezidenti Kristin Heyli və Qazaxıstan, Azərbaycan və Tacikistan üzrə regional rəhbəri, vitse-prezidenti Piter Holdinqlə görüşüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, “SOCAR Tower”də keçirilmiş görüşdə iki şirkətin həyata keçirdiyi birgə layihələr haqqında ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər “Abşeron” layihəsi çərçivəsində görülən tikinti-quraşdırma işlərinin əhəmiyyətini vurğulayıb, fəaliyyətin səmərəliliyini artırmaq üçün görülən tədbirlərdən bəhs ediblər. “TOTAL” şirkətinin Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlı olması bir daha nəzərə çatdırılıb, neft-qaz sektorunda daha sıx əməkdaşlığın təşkili məsələləri müzakirə olunub.
Xatırladaq ki, “Abşeron” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Saziş 2009-cu il fevralın 27-də imzalanıb. Layihənin operatoru “SOCAR Absheron” və “TOTAL E&P Absheron” törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (“Joined Operating Company Absheron Petroleum”) birgə müəssisəsidir. “Abşeron” qaz-kondensat yatağı Xəzər dənizində, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir.