İQTİSADİYYAT
SOCAR-ın mədən ərazilərində 135 mindən çox ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir
Bakı, 21 aprel, AZƏRTAC
SOCAR-ın mədən ərazilərində 135 mindən çox müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir.
“Ekol Mühəndislik Xidmətləri” QSC-dən AZƏRTAC-a bildirilib ki, əlverişli ekoloji mühitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər keçirən QSC-nin həyata keçirdiyi layihələrdən biri də reabilitasiya olunmuş mədən ərazilərində, xidmət göstərdiyimiz sahələrdə, o cümlədən inzibati binaların ətrafında yaz mövsümü ilə əlaqədar mövcud olan yaşıllıq zolaqlarına, əkilmiş müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilməsindən ibarətdir. Hazırda QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD), İnzibati Təsərrüfat şöbəsinin kollektivi bu istiqamətdə gördüyü işlər yüksək perspektivlərdən xəbər verir və ekoloji durumun daha da yaxşılaşdırılmasına xidmət edir. Bu məqsədlə tədbirlər planına uyğun olaraq TRD-nin, “Eko Park” İnnovasiya Mərkəzinin, Tullantıların İdarə Edilməsi Mərkəzinin və İnzibati Təsərrüfat şöbəsinin təcrübəli mütəxəssisləri tərəfindən xidmət göstərdikləri SOCAR-ın Qaz Emalı Zavodunun istehsalat sahələrində, “Azneft” İB-nin “Bibiheybətneft”, “Abşeronneft”, H.Z.Tağıyev adına neft və qazçıxarma idarələrinin (NQÇİ) reabilitasiya olunmuş mədən ərazilərində, “Eko Park” İnnovasiya Mərkəzində, SOCAR–ın Ekologiya İdarəsinin Tullantıların İdarə edilməsi Mərkəzində, TRD-nin inzibati binasının ərazisində (A-4 Zığ sahəsi) və O.Vəliyev 1 ünvanında yerləşən (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi) inzibati binanın ətrafında və yaşıllıq sahələrində yaz mövsümü işləri aparılır. Ümumilikdə mədən ərazilərində, İnnovasiya və Tullantı mərkəzlərində 135 min 38 ədəd müxtəlif növ ağacın, QSC-nin inzibati binalarının ərazilərində, xidmət göstərilən mərkəzlər və sahələrdə isə 15 min 923 ədəd bəzək kollarının və güllərin dibləri boşaldılır, budama işləri aparılır, alaq otlarından təmizlənir, mexaniki və damcı üsulları ilə suvarma işləri aparılır. Lazım olan üzvi və mineral gübrələrlə təmin edilərək aqrotexniki xidmətlər göstərilir.
Ekoloji vəziyyətin yaxşılaşdırılmasında və insan sağlamlığının qorunmasında yaşıllıqların roluna böyük önəm verən “Ekol Mühəndislik Xidmətləri” QSC bu sahələri fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul edərək bundan sonra da bütün zəruri tədbirlərin həyata keçirilməsini qarşısına məqsəd qoyub.