İQTİSADİYYAT
SUMQAYITDA YENİ QAZ KƏMƏRİ İSTİFADƏYƏ VERİLMİŞDİR
1956-cı ildən başlayaraq, şəhərdə üç xətt istifadəyə verilmişdir. Lakin bu, əhalisi ikiqat artmış şəhərin tələbatını ödəmirdi. 1988-ci ildə çəkilmiş yeni qaz kəməri ciddi texniki qüsurlara görə işləmirdi. “Bakısənayetikinti” Səhmdar Cəmiyyəti ötən ilin dekabrında uzunluğu 7,7 kilometr olan həmin qaz kəmərini təzələməyə başlamışdı. Hazırda iş başa çatmışdır.
Kəmərin açılışı münasibətilə keçirilmiş mitinqdə çıxış edən icra hakimiyyətinin başçısı Vaqif Əliyev şəhər sakinlərini Novruz bayramı münasibətilə təbrik edərək bildirmişdir ki, yeni xəttin işə salınması ilə şəhərin 13, 16, 17, 18-ci mikrorayonları, 47 və 48-ci məhəllələri, habelə Corat qəsəbəsi sakinlərinin qaz tənminatı xeyli yaxşılaşacaqdır.
Yeni qaz kəmərinin işə salınması ümummilli liderimiz, Prezident Heydər Əliyevin xatirəsinə hörmətin təzahürüdür. Unudulmaz Prezidentimizin fəaliyyətində Azərbaycanın tərəqqisi və iqtisadi inkişafı, xalqımızın firavanlığı həmişə öncül yer tuturdu. Hazırda oğlu Prezident İlham Əliyev həmin strategiyanı uğurla davam etdirir.
Şəhərin başçısı vurğulamışdır ki, Sumqayıtın 790 kilometrlik qaz xətləri təhlükəsizlik standartlarına tam müvafiqdir.
“Azəriqaz” SC-nin prezidenti Əlixan Məlikov da sakinləri təbrik etmiş, eyni zamanda, istehlak olunan qazın haqqının vaxtında ödənilməsinin vacibliyini vurğulamışdır.