İQTİSADİYYAT
SUMQAYIT ETİLEN-POLİETİLEN ZAVODU MDB-DƏ SAHƏNİN LİDERİ OLMUŞDUR
“Earthmaker” (ingiliscə planetin simasını müəyyənləşdirən adam deməkdir) beynəlxalq mükafatı postsovet məkanında fəaliyyət göstərən və xüsusilə fərqlənən müəssisələr arasında hər il seçim aparır. Mötəbər açıq mənbələrdən alınmış məlumat əsasında onların ötənilki fəaliyyətinin araşdırılmasının nəticələrinə görə, Sumqayıt etilen-polietilen zavodu qalib gəlmişdir.
Londondakı Bankirlər İnstitutunun həqiqi üzvü, “Earthmaker” beynəlxalq proqramının prezidenti cənab Piter Mamonun imzaladığı teleqramda deyilir ki, “Agyariys Earthmaker Limited” şirkətinin 10 illik yubileyinə həsr olunmuş bu hadisə ilə Sumqayıt müəssisəsinin əlaqəsi sizə yeni minillikdə həmin mükafatın laureatı kimi fəxri ad daşımağa imkan verəcəklər. Bu mükafat sizin imicinizin möhkəmlənməsi və müəssisənin rəqabət qabiliyyətinin yüksəlməsi yolunda sanballı addımdır. Teleqramda daha sonra bildirilir ki, bu yüksək ad XXI əsrdə Sumqayıt zavodunun, sənayenin, elmin, mədəniyyət və səhiyyənin müxtəlif sahələrinin liderləri birliyinə mənsub olduğunu sübut edir.
Zavodun direktoru, texnika elmləri doktoru, Nyu-York Akademiyasının həqiqi üzvü Əbülfəz Babayev AZƏRTAC-ın müxbirinə demişdir ki, Sumqayıt kimyaçılarının fəaliyyətinin belə yüksək qiymətləndirilməsi Azərbaycan iqtisadiyyatındakı müsbət meyli göstərir. Bu, respublikada iqtisadi islahatların və dəyişikliklərin uğurla həyata keçirilməsinin parlaq sübutudur.
O, xatırlatmışdır ki, dövlətimizin başçısı Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 2001-ci ildə müəssisəmizdə buxar-generator qurğusu işə salındı. Onun tikintisinə dövlət zəmanəti əsasında “Eksimbank” tərəfindən ayrılmış güzəştli kredit hesabına Yaponiya firmaları sərmayə qoymuşlar. Bu layihənin həyata keçirilməsi kimya sənayesində bir çox problemləri aradan qaldırmağa imkan verdi. Məsələn, həmin qurğu işə salınana qədər “Azərikimya” Dövlət Şirkəti enerji daşıyıcıları üçün “Azərenerji” Səhmdar Cəmiyyətinə ildə 219 milyard manat ödəyirdisə, özü elektrik enerjisi istehsal edən buxar-generator qurğusunun yüksək səmərəliliyi sayəsində ötən il bu məbləğ 108 milyard manatadək azalmış, yanacaq və suya qənaət isə 86 milyard manat təşkil etmişdir.
Sənaye müəssisələrinin fəaliyyətinin səmərəliliyini yaxşılaşdırmaq istiqamətində ölkədə dəqiq xətt yeridilməsi sayəsində etilen-polietilen zavodu MDB-nin sənaye müəssisələri arasında sahənin lideri olmuşdur.
“Earthmaker” proqramının Təşkilat komitəsi Sumqayıt etilen-polietilen zavodunu xüsusi təsis edilmiş “Crystal Earthmaker” mükafatının təqdim olunmasının yekun mərasiminə dəvət etmişdir. Mərasim oktyabrın 3-də Maltada keçiriləcəkdir.