ELM VƏ TƏHSİL
SUMQAYIT İCRA HAKİMİYYƏTİNİN BİRİNCİ KURS TƏLƏBƏLƏRİNƏ TÖHFƏSİ
Sumqayıtlı birinci kurs tələbələri yeni tədris ili ərəfəsində gözəl hədiyyə almışlar. Üzeyir Hacıbəyov adına mədəniyyət sarayında şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə respublikanın incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti olmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Sumqayıt abituriyentləri respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə görə, ölkədə liderdirlər. Onlar ilbəil yüksək nəticələr nümayiş etdirirlər. Şəhər məktəblərinin builki 1359 məzunu qəbul sınaqlarından uğurla çıxaraq tələbə adına layiq görülmüşdür. Onların 142 nəfəri 600-dən yuxarı bal toplamış, 4-ü isə Prezident təqaüdünə layiq görülmüşdür. Şəhər gimnaziyasının məzunu Elvin Dadaşov isə 700 mümkün bal toplayaraq, ən yüksək nəticə nümayiş etdirmişdir.
Hər bir birinci kurs tələbəsinin evinə şəhər rəhbərinin imzası ilə təbrik açıqcası və onların şərəfinə təşkil edilmiş konsertə dəvət çatdırılmışdır.
Konsertdə şən, nikbin ab-hava hökm sürürdü. Azərbaycan estradasının populyar ifaçıları şənliyin səbəbkarlarını təbrik edərək, onların uğurunun sevincini bölüşmüşlər. İfaçıları gurultulu alqışlarla qarşılayan tamaşaçılar isə onların səsinə səs verirdilər. Konsertdən sonra təəssüratlarını bölüşən tələbələr gözəl hədiyyəyə görə şəhər rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Zənnimizcə, onlar ali məktəb auditoriyalarına yaxşı əhval-ruhiyyə ilə qədəm qoyub, biliyə doğru yollarını davam etdirəcəklər.