İDMAN
SUMQAYIT İDMANÇILARININ BUİLKİ UĞURLARI YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
İcra hakimiyyətinin başçısı Vaqif Əliyev idmançıları təbrik edərək demişdir ki, başa çatmaqda olan il bir çox sahələrdə, o cümlədən idmanda mühüm hadisələrlə əlamətdardır. Hər ilin axırında idmançılarımızın uğurlarını qeyd edirik. Sevindirici haldır ki, bu uğurların sayı ilbəil artır. Bu il Sumqayıt idmançıları respublika yarışlarında və beynəlxalq yarışlarda 552 medal, o cümlədən 179 qızıl medal qazanmışlar. Ölkəmizin Olimpiya yığmasında ilk dəfə 6 sumqayıtlı təmsil olunmuşdur. V.Əliyev fəxrlə vurğulamışdır ki, hazırda şəhərin tarixində Olimpiya mükafatçıları vardır. Fuad Aslanov XXVIII Yay Olimpiya Oyunlarında boks üzrə yarışlarda bürünc medala layiq görülmüş, İlham Zəkiyev isə XII Paralimpiya oyunlarının cüdo yarışlarında qızıl medal qazanmışdır.
Qeyd olunmuşdur ki, bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi idmanın inkişafı proqramının uğurla həyata keçirildiyini göstərir. Respublikamızın həyatının öncül sahələrindən birinə çevrilən idmanın qısa müddət ərzində sürətli inkişafı, ölkəmizin müxtəlif bölgələrində çoxsaylı idman komplekslərinin və bazalarının tikilməsi Azərbaycana idman ölkəsi imici qazandırmışdır.
Sumqayıt idmançılarının nailiyyətləri haqlı olaraq dövlətimizin başçısı tərəfindən qeyd olunmuşdur. Sumqayıtda Paralimpiya kompleksinin bünövrəsi qoyulmuş, gələn il isə müasir Olimpiya idman kompleksinin tikintisi nəzərdə tutulmuşdur.
Tədbirdə çıxış edən idmançılar, məşqçilər idmana və idmançılara göstərdiyi xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Vurğulanmışdır ki, sumqayıtlıların bu yüksək nailiyyətləri son vaxtlar şəhərin rəhbərliyinin bütövlükdə idmana və hər bir perspektivli idmançıya münasibətində nəzərəçarpan müsbət dəyişikliklərin bəhrəsidir.
Tədbirdə bu yaxınlarda toy məclisləri olmuş İlham Zəkiyevə və Niyaməddin Paşayevə qiymətli hədiyyələr bağışlanmışdır.
İdmançışların hamısına pul mükafatları təqdim olunmuşdur.