CƏMİYYƏT
Sabirabad rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir. Mayın 30-da Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Sabirabad rayonunda vətəndaşları qəbul edəcək.
Komitədən AZƏRTAC-a bildiriblər ki, saat 11:00-da rayondakı Heydər Əliyev adına Mərkəzdə keçiriləcək qəbulda Neftçala, Biləsuvar, Cəbrayıl, Şirvan, Saatlı, Salyan, Hacıqabul, Sabirabad rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.
Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur.
Sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Sabirabad rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.