REGİONLAR
Sabirabadda sənaye məhəlləsinin tikilməsi üçün 20,3 hektar torpaq sahəsi ayrılıb
Sabirabad, 18 aprel, Mahir Babayev, AZƏRTAC
Bu ilin birinci rübündə Sabirabadda iqtisadiyyatın bütün sahələrində uğurlar qazanılıb, sosial obyektlərin tikintisi, sənaye və kənd təsərrüfatının inkişafı davam edib. Rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün iş adamlarına hər cür şərait yaradılıb. Bunun nəticəsi olaraq sahibkarlar tərəfindən investisiya qoyuluşu istiqamətində xeyli iş görülüb. Təkcə ötən il rayonda özəl investisiya qoyuluşunun həcmi 44 milyon 386 min manat olub. Cari ilin üç ayında rayonda iki layihənin həyata keçirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iş adamlarına və sahibkarlara 605 min manat güzəştli kredit verilib. Sənaye məhsulları istehsalı ilə məşğul olan kiçik və orta sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədi ilə rayonun Qalaqayın kəndi ərazisində sənaye məhəlləsinin tikilməsi üçün 20,3 hektar torpaq sahəsi ayrılıb və burada müxtəlif növ sənaye məhsulları istehsal edən müəssisələrin yaradılması nəzərdə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Sabirabadda 2018-ci birinci rübün yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov məlumat verib.
Bildirilib ki, hesabat dövründə rayonda kəndarası yolların tikintisi ilə bağlı xeyli iş görülüb. 15 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 60 kilometr olan Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqaraağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun tikintisi davam etdirilib, 43 kilometr uzunluqda olan, 18 yaşayış məntəqəsini birləşdirən Dadaşbəyli-Minbaşı-Salmanlı-Noxudlu-Salyan respublika əhəmiyyətli avtomobil yolunda isə əsaslı təmir işlərinə başlanılıb.
Təhsil və məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində rayonda məktəb tikintisi, məktəblərdə əsaslı və cari təmir işləri davam etdirilib. 360 şagird yerlik Yaxa Dəllək kənd tam orta məktəbin binasının tikintisi başa çatmaq üzrədir. 1176 şagird yerlik Qaratəpə kənd tam orta məktəbinin binasında əsaslı təmir işləri davam etdirilib. Cari ildə rayonda bir neçə modul tipli məktəb binasının quraşdırılması da nəzərdə tutulub.
Bildirilib ki, ötən dövrdə əhalini fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə xeyli iş görülüb. Rayon mərkəzində və 18 kənddə kabelləşmə işləri aparılıb, 9 kənddə bu işlərə başlanılıb. Hazırda rayonun Beşdəli, Cavad, Azadkənd və Əlicanlı kəndlərində kabelləşmə işləri sürətlə davam etdirilir. Cavad kəndində yerləşən 110/35/10 kv-luq Cavad yarımstansiyasında yenidənqurma işləri aparılır. Elektrik enerjisinin verilişində fasilələrin yaranmasının qarşının alınması məqsədilə rayonun bir sıra kəndində 10/04 kv-luq hava verilişi xətləri dəyişdirilib, yararsız dayaqlar yenilənib.
Hazırda rayon mərkəzinə və 59 kəndə təbii qaz verilir. 2018-ci ilin birinci rübündə 665 abonentə təbii qaz verilib və rayonda abonentlərin sayı 29804-ə çatıb.
Qeyd olunub ki, son illər rayonda aqrar sektorun digər sahələrinin inkişafı ilə yanaşı, pambıqçılığın inkişafına da diqqət artırılıb. Ötən il rayonda 18 min 169 ton pambıq istehsal edilib. Cari ildə 15 min 55 hektar sahədə pambıq əkininin aparılması nəzərdə tutulub. Bu məqsədlə “MKT İK” MMC Sabirabad rayon filialı, “CTS Aqro” MMC, “Kənd Təsərrüfatı” MMC, “Şamo” MMC ilə müqavilələr bağlanılıb və çiyid səpininə başlanılıb.
Cari ilin məhsulu üçün 24645 hektar sahədə taxıl səpini aparılıb ki, bunun 15215 hektarı buğda, 9430 hektarı isə arpa sahəsidir. Əvvəlki illə müqayisədə taxıl əkini sahəsi 25 hektar artıb. Bu il 1276 hektar kartof, 1394 hektar tərəvəz, 1304 hektar bostan, 2415 hektar sahədə yeni yonca və digər bitkilər əkilib və hazırda əkin işləri davam etdirilir.
Hesabat dövründə rayonda heyvandarlığın müasir texnologiyalar əsasında inkişaf etdirilməsi sahəsində müəyyən tədbirlər həyata keçirilib. Heyvandarlıq məhsullarının istehsalının artırılmasında daha məhsuldar olan cins mal-qaranın yetişdirilməsi məqsədilə rayonda 18 süni mayalama məntəqəsi yaradılıb. “Holsteyn”, “Şarole”, “Simmental” cinsli və Azərbaycan camışı törədicilərinin toxumlarından istifadə olunmaqla, ötən üç ayda iribuynuzlu mal-qaradan süni mayalama yolu ilə 1080 baş cins bala alınıb.
Diqqətə çatdırılıb ki, kənd təsərrüfatı məhsullarının istehsalında və məhsuldarlığın artırılmasında əkin sahələrinin vaxtında suvarılması əsas amillərdəndir. Dövlətin qayğısı və dəstəyi ilə rayonda bu sahədə xeyli iş görülüb. Dövlətimizin başçısının tapşırığına əsasən rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı, Əliləmbəyli və digər kəndlərinin suvarma təminatının yaxşılaşdırılması üçün mənbəyini Kür çayından götürməklə, uzunluğu 30 kilometr olan “H” kanalının çəkilməsinə başlanılıb və kanal yaxın vaxtlarda istifadəyə veriləcək.
Yığıncaqda cari ildə görüləcək işlər müəyyənləşdirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.