REGİONLAR
Şabran rayonunda 5 otaqlı ev yanıb VİDEO
Şabran, 22 avqust, Elxan Yusifli, AZƏRTAC
Avqustun 22-i səhər saatlarında Şabran rayonunun Gəndov kəndində güclü yanğın hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, kənd sakini Vahid Tacıyevə məxsus sahəsi 110 kvadratmetr olan 5 otaqlı evin 98 kvadratmetri yanıb. Yanğın başlayan zaman Tacıyevlər ailəsinin üzvləri evdə olsa da, xoşbəxtlikdən hadisə zamanı heç kəs xəsarət almayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvə və texnikası cəlb olunub. Yanğınsöndürənlər alovun qonşuluqdakı digər evlərə keçməsinin qarşısını ala biliblər.
Ev sahibinin sözlərinə görə, alov qısa müddətdə bütün evi bürüdüyündən otaqlardakı əşyaları, hətta ən vacib sənədləri belə yanğından qorumaq mümkün olmayıb.
Yanğının başvermə səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparılır.