Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Sadəliyi və aydın təfəkkürü ilə xalq arasında nüfuz qazanmış alim

Sadəliyi və aydın təfəkkürü ilə xalq arasında nüfuz qazanmış alim

Dekabrın 15-i akademik Həsən Əliyevin doğum günüdür

Bakı, 15 dekabr, AZƏRTAC

Dekabrın 15-i görkəmli alim Həsən Əliyevin doğum günüdür. Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Həsən Əlirza oğlu Əliyev 86 il gərgin, şərəfli və məhsuldar ömür yaşayıb. Akademik Həsən Əliyevin sadəliyi, mənəvi saflığı, aydın təfəkkürü, geniş dünyagörüşü, xalq arasında nüfuzu ona əsrlərlə yaşı olacaq bir ömür qazandırıb.

AZƏRTAC akademik Həsən Əliyevin adını daşıyan Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun görkəmli alimlə bağlı qeydlərini və xatirələrini təqdim edir.

Belə bir atalar məsəli var: “Müqəddəs yer boş qalmır”. 1907-ci il dekabrın 15-də Azərbaycanın ilk əkinçi-ekoloqu Həsən bəy Zərdabi dünyasını dəyişir və həmin gün Zəngəzur mahalının Comərdli kəndində Əlirza kişinin ailəsində ilk oğlan uşağı dünyaya göz açır və onun adını Həsən qoyurlar. Həsənin ayağı yer tutandan o, ailənin köməyinə çatır, gücü çatan işlərin qulpundan yapışır. On bir yaşına çatanda Həsənin “ev” əməyi “çöl” əməyi ilə - qoyun-quzu otarmaqla əvəz olunur.

1905-ci ildə rus-türk müharibəsi qurtardıqdan sonra rus ordusu silahlarını ermənilərə verir. Bu silahdan istifadə edən ermənilər Andranikin başçılığı ilə millətçi hərbi bölmələr yaradırlar. Zəngəzurdakı azərbaycanlı kəndləri hədəfə götürülür, onlara hücum olur və neçə-neçə yaşayış məntəqələri boşaldılır. Qanlı-qadalı 1918-ci ilin yazında növbə Comərdli kəndinə də çatır. Qəflətən hücuma məruz qalan köməksiz Comərdli əhli Naxçıvana üz tutur və orada ayrı-ayrı kənd və şəhərlərdə yerləşməli olurlar.

Əlirza kişinin ailəsi Naxçıvan şəhərinə sığınır. 1918-ci il qaçqınları bir parça çörək üçün ağır əməyə qatlaşmalı olurlar. Həsən Əliyev də 1917-1924-cü illərdə Naxçıvan şəhərində muzdurluq edir.

Sovet hakimiyyətinin ilk illərində savadsızlığın ləğvi kampaniyası geniş vüsət alır. Həsən Əliyev də 17 yaşında (1924) Naxçıvan şəhərində kənd axşam məktəbində oxuyur və 23 yaşında (1930) məktəbi bitirir. O, dünyəvi məktəbə gedənə qədər molla yanında təhsil almaq məcburiyyətində qalıb. Həsən Əlirza oğlu hələ gənc yaşlarından dünyagörüşünün yetkinliyi və gələcəyə maraq göstərməsi ilə tay-tuşlarından seçilib. O, 1925-ci il oktyabrın 5-də “Şərq qapısı” qəzetində “Bizə də teatr lazımdır”, 1929-cu ildə isə “Molla Nəsrəddin” jurnalının 16-cı sayında “Müəllim lazımdır” adlı məqalələrini dərc etdirib.

Həsən Əliyev həmin illərdə (1924-1930) Naxçıvan şəhərindəki Kənd Təsərrüfatı Texnikumunda da təhsil alır. 20 yaşlı Həsən oxuya-oxuya Muxtar Respublikanın Torpaq Komissarlığının zərərvericilərə qarşı mübarizə aparan şöbəsində baş fəhlə işləyir.

1935-ci ilədək, yəni, ömrünün 28-ci ilində Həsən Əliyev kənd təsərrüfatının qoyunçuluq, üzümçülük, pambıqçılıq sahələri üzrə, həmçinin bitki ziyanvericilərinə qarşı mübarizədə zəngin təcrübə toplayır. Bacarığını və biliyini nəzərə alaraq onu müxtəlif vəzifələrə irəli çəkirlər.

Altı il ərzində orta təhsil, üç il ərzində ali təhsil almış Həsən Əliyev birbaşa aspiranturaya daxil olur. 1937-ci ildə SSRİ Elmlər Akademiyasının (EA) Azərbaycan filialı yaradılır. Həsən Əliyev elmin közərməkdə olan ocağını daha da alovlandırmaq məqsədilə Bakı şəhərinə gəlir. SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq bölməsində elmi işçi, sonra isə elmi katib işləyir.

Torpağın qədrini bilən Həsən müəllim xam torpaqların tədqiqi ilə məşğul olmağı qət edir. O, susuz, dağarası çökəkliklərdə səhraya çevrilmiş Qobustanın cənub-qərb hissəsinin arid torpaqlarının tədqiqinə başlayır. Onun uğurlu tədqiqatı “Pirsaat düzünün torpaqları və ondan istifadə yolları” adlı ilk monoqrafik əsəri (1940) ilə nəticələnir. Həsən müəllim bu tədqiqat əsərində arid (quraq) iqlim şəraitində yaranmış xam torpağın elmi təhlilini verməklə ondan necə istifadə etmək yollarını da göstərib.

Gənc alimin yazdığı elmi əsərlərin mürəkkəbi qurumamış Böyük Vətən müharibəsi başlayır. Həsən müəllimin hərbi çağırışdan saxlanılmaq üçün bronu olmasına baxmayaraq, könüllü olaraq müharibəyə - cəbhəyə gedir. 1941-1943-cü illərdə Şimali Qafqaz uğrunda döyüşən orduda zabit kimi xidmət edir, ağır yaralanır.

Müharibədən sonra Həsən Əliyev yenidən əvvəlki iş yerinə qayıdır və SSRİ EA Azərbaycan filialının Coğrafiya bölməsinin (1943-1944) rəhbəri vəzifəsində çalışır. 1944-cü ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini alır və cəmi 9 il sonra Azərbaycan EA-nın akademiki kimi yüksək elmi ada layiq görülür.

1944-1952-ci illər ərzində Həsən Əliyev elmi tədqiqatla yanaşı, təşkilati işlə də məşğul olur. Bu müddət ərzində o, Torpaqşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini (1944-1949), Botanika İnstitutunun direktoru (1949-1952), Azərbaycan KP MK katibi (1952) vəzifələrində çalışır.

Həsən Əliyev Azərbaycan SSR Elmlər Akademiyasının (EA) yaranmasından (1945) doqquz il əvvəl elmimizin formalaşması üçün kadr hazırlığında fəal iştirak edib. Onun 1937-1944-cü illərdə istər Torpaqşünaslıq, istərsə də Coğrafiya bölmələrinin yaranmasında mühüm xidmətləri olub.

1952-1957-ci illərdə akademik Həsən Əliyevin Azərbaycan SSR EA-nın akademik-katibi və eyni zamanda, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaqşünaslıq şöbəsinin müdiri vəzifəsində işləyib. 1951-ci ildə “Abşeron yarımadasında taxıl və ot əkilməsi məsələsinə dair” elmi məqaləsi EA-nın məruzələrində çap olunur.

Bu gün artıq hamıya bəllidir ki, təbiəti mühafizə olmadan heç bir ölkədə davamlı inkişafdan danışmaq olmaz. Akademik Həsən Əliyev dühası isə bunu keçən əsrin ortalarında görüb və dərk edib. Belə ki, 1950-ci illərdə akademik Həsən Əliyevin elmi istiqamətinin ikinci əsas şaxəsi - ətraf mühitin mühafizəsi başlanır və o, 1955-ci ildə Azərbaycan SSR EA-nın Təbiəti Mühafizə üzrə Komissiyasının sədri seçilir.

Həsən müəllim 1952-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı nazirinin birinci müavini və Azərbaycan KP Mərkəzi Komitəsinin katibi vəzifələrində işləyib, həmin ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub, Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilib. 1961-ci ildə “Azərbaycan SSRİ-nin Böyük Qafqaz dağları zonasında üzümçülük və bağçılığı inkişaf etdirmək üçün torpaq ehtiyatları” məqaləsi EA-nın xəbərlərində dərc olunur.

Bəzi qəlbiqara insanlar Həsən müəllimə irad tuturdular ki, o, elmlər doktoru olmaya-olmaya akademik seçilib. Ancaq bilmirdilər ki, o zaman üçün bu, normal hal idi. Ancaq Həsən müəllim də heç kimin tənəsini qəbul edən adam deyildi və ona görə də 1966-cı ildə Moskvada Torpaqşünaslıq İnstitutunun dissertasiya şurasında uğurla doktorluq dissertasiyasını müdafiə edir. Həmin müdafiədə iştirak etmiş bir şəxsin xatirələrindən: “Müdafiənin axırına yaxın iclasa Heydər Əliyev gəldi, bir qədər oturdu. Sonra məndən müdafiənin necə getməsini xəbər aldı. Cavab verdim ki, hər şey yüksək səviyyədədir. O dedi ki, mən gedirəm, başqa işlərim var, axşam görüşərik. Axşam “Bakı” restoranında müdafiənin şərəfinə verilən ziyafətə gəldi, məclisə özü rəhbərlik etdi, şuranın üzvlərinə təşəkkürünü bildirdi”.

Həsən müəllim öz imkanlarından istifadə edərək Azərbaycan SSR Ali Sovetinin sessiyasında (1958) təbiəti mühafizə üzrə məsələni müzakirəyə çıxarmağa nail olur. Azərbaycan SSR-də Təbiəti Mühafizə Cəmiyyətinin fəaliyyəti genişləndirilir, təbiəti mühafizə üzrə dövlət komitəsinin yaradılmasına və 1968-ci ildə direktoru olduğu Coğrafiya İnstitutunda ətraf mühitin qorunmasına aid ilk elmi tədqiqat şöbəsini yaradır.

Həsən müəllimin institutumuza rəhbərlik etdiyi dövrü xüsusi qeyd etmək istərdim. Belə ki, o, direktor olana qədər əməkdaşlar arasında institutdaxili çəkişmələr baş alıb gedir, elmi tədqiqatlar ikinci plana keçərək ancaq şəxsi ambisiyaların yarışması vüsət almışdı. Həsən müəllim direktor təyin olunandan sonra institutda əmin-amanlıq yarandı, çəkişmələr aradan qalxdı, sağlam işçi atmosferi qərarlaşdı. Coğrafiyaçıların etirafına görə, bu dövr Azərbaycanda coğrafiya elminin intibah dövrü olub.

Məsələn, 1972-ci ildə Xəzər dənizinin açıq hissəsində tərpənməz özül üzərində dünyada ilk dəfə dəniz observatoriyasının yaranması və 25 il fəaliyyət göstərməsi də məhz onun fəaliyyətinin nəticəsidir. Bu observatoriya necə yaranmışdı? O zaman BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində “Qlobal atmosfer proseslərinin tədqiqi” layihəsi icra olunurdu. Bu layihə çərçivəsində dünya okeanında və materik içərisində fasiləsiz işləyən üç müşahidə məntəqəsinin yaradılması qərara alınır. Şimali Atlantikada və Sakit okeanda müşahidələr stasionarda durmuş gəmilərdən aparılırdı. Materikiçi müşahidə kimi isə Xəzər dənizi seçilir. Xəzər dənizində bunu necə təşkil etməli sualı meydana çıxır. Moskva elmi-tədqiqat institutlarının direktorları - akademiklərdən Monin, Obuxov və Çvanq Bakıya, Həsən müəllimin yanına gəlir, məsələni ona danışırlar. Həsən müəllim bir qədər fikirləşdikdən sonra neftçi Qurbana zəng edir, istifadədə olmayan dəniz platformalarından birini observatoriya yaratmaq üçün alimlərə verməyi xahiş edir və müsbət cavab alır. Əlbəttə ki, observatoriya Moskva institutlarının iştirakı ilə yaradılıb, ancaq əsas təşkilati işləri Həsən müəllim həyata keçirib. Təşkil olunandan sonra observatoriya bizim institutun səlahiyyəti və məsuliyyəti daxilində fəaliyyət göstərməyə başlayıb. Elə mənim özümü də Həsən müəllim bu observatoriyaya işə qəbul edib, sonra isə Moskva Okeanologiya İnstitutuna stajirovka və aspiranturaya göndərib. Bu təmənnasız insanın xeyirxahlığını heç vaxt unutmur və onu həmişə minnətdarlıq hissi ilə yad edirəm.

1976-cı ildə alimin “Həyəcan təbili” əsəri işıq üzü görür. Bu kitab Azərbaycan xalqının təbiəti mühafizə sahəsində maariflənməsində və təbiətsevərliyində müsbət rol oynayıb. Akademikin “Həyəcan təbili”nin ikinci, təkmil nəşri (1982) bu gün də müsbət mənada təsir gücünü saxlayır. Azərbaycan xalqının ekoloji maariflənməsində yaradıcısı Həsən müəllim olan və 1975-ci ildən nəşrə başlayan “Azərbaycan təbiəti” jurnalı da mühüm rol oynayıb.

Şair Bəxtiyar Vahabzadə öz xatirələrində yazıb: “Bu gün məndən Həsən müəllimin insani xarakterini səciyyələndirməyi soruşsalar, bircə cümlə deyərdim: O, Azərbaycan üçün yanan bir vətəndaş idi. Buna görə də onun alimliyi vətəndaşlığından doğurdu”.

Məmməd Araz isə yazırdı: “Bəzən adama elə gəlirdi ki, Azərbaycan təbiətində hər şeyi o, öz əlləri ilə yerbəyer etmişdi; Sultanbud meşəsini də, Eldar Şamı Dövlət Təbiəti Qoruğunu da, respublikanın neçə rayonunda yaşı mini adlamış neçə çinarın, Naxçıvan-Şərur yolunda qalmış yeganə narbəndin də “müəllifi” onun özüdür”.

Həsən müəllim ömrü boyu öz tədqiqatları ilə xalqımızın güzəranının yaxşılaşmasına kömək göstərməyə çalışıb. O, Azərbaycanın Qonaqkənd rayonunda maldarlıq təsərrüfatlarının bərpa edilməsi, Şamaxı-Xaldan-Quba istiqamətində karvan yolu boyunca avtomobil yolunun inşası, Qanıx–Əyriçay vadisindən Bakıya su çəkilməsi üçün yuxarı təşkilatlara müraciətlər edib. Yardımlı rayonunun iqlim və torpaq örtüyünü tədqiq edib, sonra orada kənd təsərrüfatının yeni istiqamətinin - üzümçülüyün inkişafı üçün xüsusi təqdimat yazıb və buna nail olub.

Bu kiçik məqaləni yazarkən arxivimdə saralmış vərəqlərin arasından əlimə bir sənəd keçdi. Çox maraqlıdır, bu keçən əsrin 60-cı illərində Həsən müəllimin Azərbaycan KP Mərkəzi Komitəsinin plenumunda etdiyi məruzə idi. Nə qədər cəsarət və vətəndaşlıq var bu məruzədə! Partiyanın qılıncının dalı da, qabağı da kəsdiyi bir dövrdə çəkinmədən Ermənistanı və Gürcüstanı Kür və Araz çaylarını çirkləndirdiklərinə görə tənqid atəşinə tutur və onları əməli tədbirlər görməyə çağırır. Məruzədə Azərbaycan ərazisi də yaddan çıxmır, ətraf mühiti çirkləndirən müəssisələr adbaad çəkilir, adları çəkilən müəssisə rəhbərlərinin məsuliyyət daşıdıqları vurğulanır. Tuqay meşələrini qırmaqla pambıq tarlalarının sahəsini artırmaq istəyən raykom katibləri ilə Həsən müəllimin mübarizəsi ictimaiyyət arasında böyük əks-səda yaratmışdı. Əgər Həsən bəy Zərdabi meşəni meşəbəyilərindən qorumağa çağırırdısa, Həsən Əliyev də təbiəti mühafizədə dünyagörüşü dar olan məmurlarla mübarizəyə çağırırdı.

Həsən müəllimin həyatı təbiətlə təmasda məna tapırdı. O, respublikamızın hər bir guşəsinə vurğunluqla baxır, onlardan mənəvi zövq alırdı. Naxçıvanda İlanlıdağ, Dəvəçidə Çıraqqala (Qalaaltı), Qubada Təngə dərəsi, Şamaxıda Pirqulu və Meysəri dərəsi, Gəncədə Göygöl, Abşeronda Nardaran, Qəbələnin qaraçöhrəsi, Şərurun narbənd ağacı, Şollar düzünün meşələri, Tuqay meşəsi... onun ürəkdən sevdiyi, bağlandığı yerlər idi.

Həsən müəllimin Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətində sədrlik fəaliyyətini də xüsusi qeyd etmək istərdim. Təbii ki, Azərbaycanda o zaman bu qeyri-dövlət təşkilatı ilə yanaşı, dövlət qurumu, yəni hökumətin strukturu kimi Ekologiya Komitəsi də fəaliyyət göstərirdi. Maraqlı odur ki, bölgələrdə dövlət qurumundan çox Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətini tanıyır, bu cəmiyyətin çağırışlarına əməl edirdilər. Vətəndaşlar bu cəmiyyətin üzvü olmaqdan fəxr duyurdular. Bunun dönə-dönə şahidi olmuşam. Fikirləşirəm ki, Həsən müəllimin xalqın belə yüksək inamını necə qazandığını izah etməyə ehtiyac yoxdur. Sadə şəkildə desək, bu, onun sözü ilə əməlinin vəhdət təşkil etməsinin nəticəsi idi.

Ernest Rezerford atomun strukturundan danışanda qulaq asanlara elə gəlirdi ki, o, elektronu, protonu, neytronu və nüvəni bir-bir barmaqları ilə tutur. Həsən müəllim də təbiəti mühafizədən o qədər məhəbbət və ürəkyanğısı ilə danışardı ki, istər-istəməz dinləyicidə maraq oyanar, yaxşı mənada ekoloq “xəstəliyinə” tutulardı. O, təkcə Azərbaycanda deyil, beynəlxalq simpozium və konfranslarda da bu həvəslə çıxış edərdi. O, yaxşı başa düşürdü ki, Azərbaycanı tanıtdırmaq üçün beynəlxalq aləmə çıxmaq lazımdır və bu missiyanı hələ keçən əsrdə yorulmadan, həvəslə yerinə yetirirdi.

Həsən müəllim həm də bacarıqlı ekoloq-fotoqraf idi. O, Azərbaycan təbiətinin əvəzsiz guşələrinin fotoşəklini çəkməkdən, slayd yaratmaqdan, sonra da onları əhaliyə çatdırmaqdan sonsuz zövq alar, sevinc hissi keçirərdi. Həsən Əliyev ömrünün ən bəhrəli çağlarını məhəbbət və hörmət yarpaqlarına bükərək hissə-hissə, parça-parça xalqa bəxş edirdi. Görkəmli alim əməyindən və zəngin elmi-tədqiqat işindən danışanda deyərdi: “Mən xalqıma çox borclu olduğumdan borcumu ödəyirəm". Həsən müəllim özünün pedaqoji fəaliyyəti ilə də fərqlənib, Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) və Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) mühazirələr oxuyub, 35-dən çox namizədlik və doktorluq dissertasiyasının elmi rəhbəri olub.

Həsən Əliyev bir insan kimi səmimi, mehriban, sadə, qayğıkeş, ədalətli, sözünü deyən, yetim atası - fağır dayağı idi, kadrlara qayğı göstərirdi, elmi işçilərin qədrini bilirdi. O, Azərbaycanı qarış-qarış gəzmişdi, Vətənini çox yaxşı tanıyırdı, sevirdi. Hansı bölgədən, kənddən söhbət getsə, oranın təbiəti, əhalisi, adət-ənənəsi və el ağsaqqalı haqqında məlumat verər və o yerə tədqiqat aparmaq məqsədilə gedən elmi işçiyə həmin ağsaqqala mütləq baş çəkməyi məsləhət görərdi. Bir sözlə, o, təpədən-dırnağa azərbaycansevər bir şəxsiyyət idi. Hara getsə, samovarını da özü ilə aparardı. Böyük Qafqazın şərq yamacında institutumuzun Pirqulu Coğrafi Tədqiqatlar Stasionarında ondan yadigar qalmış samovara hərdən köz atıb zümzüməsinə qulaq asa-asa onu tanıyan yerli əhali ilə Həsən müəllimi yad edir, böyük alimlə bağlı xatirələrimizi bölüşürük.

Həsən müəllimin gərgin və səmərəli əməyi dövlət və xalq tərəfindən layiqincə qiymətləndirilib. Onun təltiflərindən bir neçəsinin adını çəkmək istərdim: SSRİ Xalq Təsərrüfatı Nailiyyətlərinin gümüş medalı, SSRİ EA-nın Vavilov adına medalı, “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı” və Lenin ordenləri, Dövlət mükafatı və s. Bu siyahını xeyli uzatmaq da olar.

Akademik Həsən Əliyevin “Həyəcan təbili” əsəri isə bir azman insanın vicdan səsi, hələ sağlığında ikən özünə ucaltdığı heykəl idi.

Qəbri nurla dolsun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Almaniyada əsgər çatışmır

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq