MƏDƏNİYYƏT
Şagirdlərin yazdıqları kitabların təqdimatı olub
Bakı, 12 iyun, AZƏRTAC
Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə həmin məktəbin şagirdlərinin yazdığı “Qorxulu meşə” və “Mənim dünyam” adlı kitabların təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə uşaqlar yazdıqları kitabların səhnələşdirilmiş versiyasını qısa şəkildə tədbir iştirakçılarına və qonaqlara təqdim ediblər. Bu təqdimatda hər iki essedə cərəyan edən hadisələr onu yazan müəlliflərin ifasında çox gözəl səslənib.
Məktəbin 7-ci sinif şagirdlərindən Bədirxan Qocayev, Fazil Bayramov, Nicat Tahirli, Nuray Adışirinli, Anara Yusifzadə və Zəhra Bayramovanın müəllifi olduğu “Qorxulu meşə” kitabının meydana gəlməsinin çox qəribə tarixçəsi var. Belə ki, uşaqlar bir il bundan öncə qrup halında Şamaxıya səyahətə gediblər və bu zaman Bədirxan və Nicatın təklifi ilə Şamaxı meşələrində gəzərkən gördüklərini qələmə almağa və bunu kitabça şəklində çap etdirməyə qərar veriblər. Hər şagird qorxulu meşədə baş verən bir hadisəni qələmə alıb və onu sonradan birləşdirərək “Qorxulu meşə” adı altında kitab şəklində çap etdiriblər. Bu essenin əsas qayəsi bütün çətinliklərə dostluğun və yaxşılığın gücü ilə qalib gəlməyin mümkün olduğunu həmyaşıdlarına aşılamaqdan ibarətdir.
Həmin məktəbin 3-cü sinif şagirdlərinin tərtib etdikləri “Mənim dünyam” adlı kitabda həmin sinifin 33 şagirdinin yazıları öz əksini tapıb. Kitabda yer alan bütün yazılarda insanlara, heyvanlara və təbiətə qayğı ilə yanaşmaq və yaxşılıq etmək sayəsində bütün təhlükəli anlara qalib gəlməyin mümkün olduğu bədii şəkildə açıqlanır.
Tədbirdə çıxış edən 23 nömrəli orta məktəbin direktoru Yulya Kərimova bu ideyanı yüksək qiymətləndirib və bunun uşaqların gələcək inkişafında böyük rolu olacağını bildirib.
Layihənin ideya müəllifi Fatma Bünyatova real həyata belə açıq gözlə baxan və təbiət hadisələrindən, eləcə də gördüklərindən təsirlənərək onu qələmə almağı bacaran uşaqlarla işləməyin çox şərəfli olduğunu söyləyib və bu layihənin həyata keçirilməsində əməyi olan bütün insanlara öz təşəkkürünü bildirib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov uşaqların əqli inkişafına, bədii təxəyyüllərinin formalaşmasına böyük təkan verən belə layihələrin həyata keçirilməsinə dəstək verdiyinə görə 23 nömrəli tam orta məktəbin rəhbərliyinə və müəllimlərinə öz təşəkkürünü bildirib, şagirdlərə isə gələcək yaradıcılıqlarında daha böyük uğurlar arzulayıblar.
Sonda hər iki kitabın müəllifi olan uşaqlar öz əsərlərini müəllimlərinə və valideynlərə hədiyyə ediblər.