REGİONLAR
Sağlamlıq imkanları məhdud uşaqlar arasında “Vətəni tanı” intellektual oyunu keçirilib
Naxçıvan, 17 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Gənclik Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar arasında “Vətəni tanı” adlı intellektual oyunu keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, intellektual oyunda sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycanın siyasi-inzibati xəritəsinə dair biliklərini yoxlayıb, kiçik əl motorikası üzrə bacarıqlarını nümayiş etdiriblər.
Müsabiqənin sonunda ilk pilləyə İlqar Məmmədli layiq görülüb, Esma Darçınlı II, İradə Hüseynli isə III yerdə qərarlaşıb. Qaliblərə və digər iştirakçılara təşkilatçılar tərəfindən diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Qeyd edək ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqlar hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq müvafiq kateqoriyadan olan uşaqların iştirakı ilə müxtəlif yaradıcılıq tədbirlərinin, bilik müsabiqələrinin təşkili, onların cəmiyyətə daha fəal inteqrasiyası ilə yanaşı, həm də istedadlarının üzə çıxarılması istiqamətində işlər uğurla davam etdirilir. Sağlamlıq imkanları məhdud uşaqlar arasında “Vətəni tanı” adlı intellektual oyunu da bu çərçivədə təşkil olunub. Müsabiqənin keçirilməsində məqsədi həm də, sağlamlıq imkanları məhdud uşaqların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının artırılması və asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir.