İDMAN
Şahmat üzrə Azərbaycan çempionatının bütün qalibləri müəyyənləşmişdir
Bakı, 4 aprel (AZƏRTAC). Respublika Şahmat məktəbində 14, 16 və 18 yaş dərəcələrinə qədər qızlar və oğlanlar arasında Azərbaycan çempionatı başa çatmışdır. Turnirin yekunlarına görə 14 yaşa qədər qızlar arasında 11 mümkün xaldan 9,5 xal toplamış Bakı şahmatçısı Aytən Əmrayeva birinci yeri tutmuşdur. Günay Nəsirova ikinci, Lalə Firudinli isə üçüncü olmuşdur.
AZƏRTAC xəbər verir ki, 16 yaşa qədər qızlar arasında Gəncə şəhərinin nümayəndəsi Ülviyyə Fətəliyeva ən yaxşı nəticə göstərmişdir - 11 mümkün xaldan 10,5 xal toplamışdır. Səbinə İbrahimova gümüş, Nərmin Soyunlu bürünc medala layiq görülmüşdür. 18 yaşa qədər qızlar arasında Xəyalə Abdulla 11 mümkün xaldan 9,5 xalla Azərbaycan çempionu olmuşdur. Səbinə Quliyeva ikinci, Nərmin Kazımova üçüncü yeri tutmuşdur.
14 yaşa qədər oğlanlar arasında Ülvi Sadıqov 11 mümkün xaldan 9 xalla qalib hesab edilmişdir. Elxan Bayramov ikinci, Elvin Bayramov üçüncü olmuşlar. 16 yaşa qədər oğlanlar arasında Gəncə şahmatçısı Amil Abbasov 11 mümkün xaldan 9,5 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Misrəddin İsgəndərov gümüş, Sücayət Orucov bürünc medala sahib olmuşdur. 18 yaşa qədər idmançılar arasında yarışlarda ölkə çempionu adına Bakı şahmatçısı Zaur Məmmədov (8 mümkün xaldan 6 xal) layiq görülmüşdür. Orxan Hüseynov gümüş, Anar Ələkbərov bürünc medal qazanmışdır.
Ölkə çempionatında birinci yerləri tutmuş şahmatçılar gənc idmançıların noyabrın 17-27-də Braziliyanın Kaldas-Novas şəhərində keçiriləcək gənclər arasında dünya çempionatında iştirak etmək hüququ qazanmışlar. İkinci yeri tutmuş idmançılar isə sentyabrın 17-dən 27-dək Bolqarıstanın Albena şəhərində keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcəklər.