MƏDƏNİYYƏT


Sankt-Peterburqda bəstəkar və dirijor İsmayıl Hacıyevin konserti olub

Bakı, 19 fevral, AZƏRTAC

“Sankt-Peterburqun Azərbaycan Milli-Mədəni Muxtariyyəti” qurumu Azərbaycanın Əməkdar İncəsənət xadimi, bəstəkar və dirijor İsmayıl Hacıyevin “Sevgi yolları” adlı konsertini təşkil edib.

AZƏRTAC xəbər verir ki, Sankt-Peterburq Millətlər Evində baş tutmuş konsertin proqramına İsmayıl Hacıyevin məhəbbət mövzusunda simfonik əsərləri daxil edilib.

Tamaşaçılar Azərbaycan bəstəkarının musiqisi ilə təmasda olmaqdan əlavə, həm də milli təamlarımızı dadmaq imkanı əldə ediblər. Konsertin təşkilatçıları tamaşaçılar üçün maraqlı müsabiqələr də nəzərdə tutublar.

İsmayıl Hacıyev Azərbaycan musiqisinin və muğamın məşhur populyarlaşdırıcısı, Niagara Music “İpək Yolu” Beynəlxalq Komitəsinin sədridir. Kanadada yaşayan bəstəkar Azərbaycanın tanınmış mədəniyyət xadimləri – görkəmli bəstəkar Cövdət Hacıyevin və əfsanəvi rəqqasə, baletmeyster Əminə Dilbazinin ailəsində anadan olub. İsmayıl Hacıyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq və musiqi nəzəriyyəsi sinfini, daha sonra N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının opera-simfonik bölməsini fərqlənmə diplomu ilə bitirib. Onun Valeri Georgiyevlə birlikdə hazırladığı “Sülh Qızılgülü” adlı beynəlxalq sülh layihəsi Azərbaycan mədəniyyətinin populyarlaşdırılmasına xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.