CƏMİYYƏT
Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar bu sahədə biliyin və peşəkarlığın artırılması baxımından önəmlidir
Bakı, 17 oktyabr, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar 24 saylı Nizami birinci seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün də keçirilib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 17-də keçirilən kursda dairə seçki komissiyasının sədri Niyazi Nəcəfov seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqata şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması sahəsində yerli icra və bələdiyyə qurumlarının rolu, onların komissiyalar ilə səmərəli əlaqələrinin qurulması, eləcə də məntəqə seçki komissiyalarının hüquq və vəzifələri barədə danışıb.
Nizami rayon prokuroru Pərviz İbayev "Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri" mövzusunda məruzə edib. O diqqətə çatdırıb ki, seçki hüquqlarının pozulmasına görə qanunvericilikdə cinayət məsuliyyəti də nəzərdə tutulub. Belə ki, vətəndaşın seçki hüquqlarının həyata keçirilməsinə mane olmaqla bağlı müddəalar Cinayət Məcəlləsində öz əksini tapıb. Konstitusiyanın 56-cı maddəsində təsbit olunub ki, hər bir vətəndaş dövlət orqanlarında seçmək və seçilmək hüququna malikdir. Mane olmaq dedikdə isə vətəndaşın dövlət orqanları və yerli idarəetmə orqanlarına seçmək və seçilmək hüququnun həyata keçirilməsinə müxtəlif qanunsuz maneələrin yaradılmasıdır.
Vurğulanıb ki, seçkilərdə iştirak qaydalarının pozulması, o cümlədən namizədlərin, partiyaların, siyasi blokların seçki kampaniyalarına müdaxilə etməsi və onu pozması və digər bu kimi amillər də cinayət tərkibi yaradır.
Tədbirdə Seçki Məcəlləsinin müddəaları da təhlil edilib.
Məlumat verilib ki, seçki dairəsi üzrə 35 seçki məntəqəsi təşkil olunub. Onlardan 31-i daimi, 4 -ü isə qapalıdır. Bu məntəqələrdə 10 veb-kamera quraşdırılıb. Seçki dairəsi üzrə 40 min 279 seçicinin adı siyahıya salınıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.