MƏDƏNİYYƏT
“Şəhid pilotlar” kitabının təqdimatı olub
Bakı, 8 iyun, Zərəngiz Mansurova, AZƏRTAC
İyunun 8-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində hərbçi-şairə Zəminə Xınalının “Şəhid pilotlar” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynova kitabın əhəmiyyətindən danışıb. Bildirib ki, müəllif poemada Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux Qayıbovun və Qarabağ uğrunda canlarını fəda etmiş hərbi pilotların şərəfli döyüş yolundan bəhs edən dolğun bir əsər yazıb. A.Hüseynova əsəri Vətən oğullarına, onların haqq işi uğrunda mübarizəsinə həsr olunmuş mənzum dastan adlandırıb və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından yüksək qiymətləndirib.
Aprel şəhidlərinin ailələri adından çıxış edən Pərişan Musazadə, Rəna İsmayılova, Nəzakət Qurbanova, Hacı Yaqub Vəliyev və başqaları Vətən uğrunda canlarından keçmiş əzizlərinin düşmənə layiqincə cavab verdiklərini söyləyiblər. Çıxışlarda müəllifin bu əsərdə təkcə özünün deyil, həm də bir xalqın hisslərini əks etdirdiyi vurğulanıb.
Sonda Zəminə Xınalı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, kitabını öz imzası ilə şəhid ailələrinə, oxuculara təqdim edib.