MƏDƏNİYYƏT
Şəki “İpək yolu” IX Beynəlxalq Musiqi Festivalının müqəddiməsi...
Bakı, 25 iyun, Flora Şükürova, AZƏRTAC
İyunun 25-də Azərbaycan Bəstəkarlar İttifaqında Şəki “İpək yolu” IX Beynəlxalq Musiqi Festivalının (iyunun 27-dən iyulun 1-dək) “müqəddiməsi” olaraq kamera-konserti keçirilib və sərgi nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, festivalda təmsil olunacaq xarici ölkələrin nümayəndələrinin qatıldığı tədbirdə qonaqlar əvvəlcə gənc rəssamların əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək son illər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətindən söz açıb. Bildirib ki, bu qəbildən olan Şəki “İpək yolu” IX Beynəlxalq Musiqi Festivalı ölkəmizin mədəni həyatında əlamətdar hadisədir.
“Festivalın tarixində ilk dəfə olaraq, bu il Beynəlxalq Elmi Simpozium keçirəcəyik ki, burada 10 ölkənin, o cümlədən Azərbaycanın görkəmli alimləri iştirak edəcəklər. Məruzələrdə qədim Şəki şəhərinin tarixi, mədəniyyəti, sənətkarlığı ilə yanaşı, bir çox ölkələrin ənənəvi musiqisi, onun tədqiqi və gələcək inkişafı məsələləri ilə tanış ola biləcəyik. Bu il bütün türkdilli xalqların mədəniyyət xadimlərini öz ətrafında toplayan TÜRKSOY-un 25 illiyinin Şəkidə qeyd olunması da mühüm hadisələrdən biridir. Festivalda Türkiyə, Qazaxıstan, Rusiya və Macarıstandan olan böyük kollektivlərin və ansamblların musiqiçiləri bizi öz gözəl çıxışları ilə sevindirəcək. Azərbaycan musiqisinin janrları müxtəlif orkestrlərin ifalarında səsləndiriləcək”, - deyə F.Əlizadə söyləyib.
Tədbir Azərbaycanın gənc bəstəkarlarının əsərlərindən ibarət kamera-konserti ilə davam edib.