REGİONLAR
Şəkidə indiyədək 60 min hektardan çox sahəyə taxıl səpilib
Şəki, 19 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq taxıl səpini başa çatmaq üzrədir. Fermerlər indiyədək 60 min 136 hektar sahəyə toxum səpiblər. Taxıl əkinlərinin 41 min 376 hektarını buğda, 18 min 327 hektarını arpa, 433 hektarını isə xəsillik arpa sahələri təşkil edir.
Bu barədə AZƏRTAC-a Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.
Cari ildə rayonda gələn ilin məhsulu üçün 65 min hektar sahədə payızlıq taxıl səpini nəzərdə tutulub. Payızlıqların səpini üçün 14 min ton toxum fondu ayrılıb. Səpin kampaniyasına 275 ədəd traktor, həmçinin xeyli sayda taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilib.
Qeyd edək ki, 2016-cı ildə Şəkidə 193 min ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 30 sentner təşkil edib.