İDMAN


Serxio Peres: Bakı treki pilotları həmişə ciddi sınaq qarşısında qoyur

Bakı, 10 iyun, AZƏRTAC

Bakıda altıncı dəfə keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin birinci günündə pilotların gərgin idman mübarizəsi artıq başa çatıb.

AZƏRTAC xəbər verir ki, Formula 1 pilotları mətbuat konfransında Bakı yarışı haqqında təəssüratlarını bölüşüblər. Hazırkı yarış cədvəlində ilk üçlükdə yer alan “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen və Serxio Peres, “Ferrari”nin sürücüsü Şarl Lekler Bakı yarışı haqqında fikirlərini bildiriblər.

S.Peres Bakı yarışının çox fərqli olduğunu bildirərək deyib: “Çünki bu sürətli şəhər yarışında hər şey bir göz qırpımında dəyişə bilər. Buna görə də burada çox ehtiyatlı olmaq lazımdır. Bakı treki pilotları həmişə ciddi sınaq qarşısında qoyur. Bununla yanaşı, deyə bilərəm ki, Bakı yürüşü mənim üçün mövsümün ən sevimli yarışıdır”.

Ötən il Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olan S.Peres bundan əvvəl Bakıda iki dəfə yarışı ilk üçlükdə bitirərək podiumda yer aldığını da diqqətə çatdırıb.

M.Ferstappen isə “Ferrari” və “Red Bull Racing” komandaları arasındakı rəqabətə münasibət bildirib: “Düşünürəm ki, hər iki komanda mübarizədən çəkinmir. Hazırda fikrimizi Bakı yarışına cəmləşdirib burada maksimum nəticə əldə etməyə çalışmalıyıq. “Ferrari” komandası rəqabətcil olsa belə, bu, heç nəyi dəyişmir. Çünki nəticədə öz çıxışımıza köklənməliyik”.

Pilotların sıralamasında ikinci pillədə yer alan və birincilik uğrunda mübarizə aparan “Ferrari”nin pilotu Ş.Lekler isə bildirib: “Əvvəlki yarışlarda bir sıra texniki səbəblərdən kənarda qalsaq da, məncə, Bakıda daha çox şansımız var. Şəhər yarışları ikiqat həyəcanlı olur, kifayət qədər hazır olduğumuza inanıram”.

Ş.Lekler ötən il Azərbaycan Qran-Prisinin sıralanma turunda poul pozisiyasını qazansa da, yarış vaxtı üçüncü dövrənin sonunda Luis Hamilton (“Mercedes”) onu ötərək arxada qoymuşdu. M.Ferstappenin də ötən il finiş xəttinə üç dövrə qalmış qəzaya uğraması onun Bakıda yarışdan kənarda qalmasına səbəb olmuşdu.

Qeyd edək ki, yarışın start düzülüşünü müəyyən edəcək sıralanma turu iyunun 11-də saat 18:00-da baş tutacaq. Azarkeşlərin səbirsizliklə gözlədiyi Formula 1 Azərbaycan Qran-Prisi isə iyunun 12-də saat 15:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.