CƏMİYYƏT
Səyyar “ASAN xidmət” Nardaran qəsəbəsində
Bakı, 8 may, AZƏRTAC
Səyyar “ASAN xidmət” mayın 8-dən 16-dək Sabunçu rayonunun Nardaran qəsəbəsində vətəndaşlara xidmət göstərəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, səyyar avtobuslar mayın 16-dək Siyəzən şəhərində, mayın 15-dək Beyləqan şəhərində, mayın 30-dək Ağcabədi, Naftalan, Zaqatala, Biləsuvar, Kürdəmir şəhərlərində, mayın 22-dək Abşeron rayonunun Məhəmmədi kəndində, səyyar “ASAN qatar” isə mayın 17-dək Ağdaş rayonunun Ləki qəsəbəsində vətəndaşların xidmətində olacaqlar.
Bununla yanaşı, səyyar “ASAN xidmət” tərəfindən Abşeron Gənclər Evində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.