CƏMİYYƏT
Sinoptiklərdən xəbərdarlıq: Ölkə ərazisində hava şəraiti dəyişəcək, yağış, qar yağacaq
Bakı, 29 noyabr, AZƏRTAC
Sinoptiklər ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə əlaqədar xəbərdarlıq edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 1-i gündüzdən 2-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-25, yarımadanın bəzi yerlərində arabir 28 metrədək güclənəcəyi gözlənilir. Axşam yağış yağacağı ehtimalı var. Havanın temperaturu dekabrın 2-də ötən günlərlə müqayisədə 5-7° enəcək.
Azərbaycanın rayonlarında dekabrın 1-i günün ikinci yarısından 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, sürəti arabir 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu dekabrın 2-də ötən günlərlə müqayisədə 5-8° enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.