DÜNYA
Şinzo Abe ilin sonunadək daha iki dəfə Rusiya Prezidenti ilə görüşmək niyyətindədir
Tokio, 12 oktyabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe bu ilin sonunadək daha iki dəfə Rusiya Prezidenti Vladimir Putin ilə görüşmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, hazırda iki ölkənin rəsmiləri noyabrın 11-dən 15-dək Sinqapurda keçiriləcək Şərqi Asiya sammitində yüksək səviyyəli görüşün təşkilini razılaşdırırlar. Bundan əlavə, noyabrın 30-dan dekabrın 1-dək Buenos-Ayresdə keçiriləcək G20 sammitində də V.Putinin Ş.Abe ilə görüşü barədə müzakirələr aparılır.
Qarşıdakı danışıqların əsas mövzusunun cari ilin sentyabrında Vladivostokda keçirilən Şərq İqtisadi Sammiti (ŞİS) zamanı Rusiya Prezidentinin sülh müqaviləsinin imzalanması barədə irəli sürdüyü təklifin olacağı gözlənilir. ŞİS-in plenar iclası zamanı V.Putin Yaponiyaya heç bir ilkin şərt irəli sürmədən sülh müqaviləsinin imzalanmasını təklif edib. Müqavilədə Moskva və Tokionun ərazi mübahisələrini həll etmək üçün səylər göstərdiyinin qeyd olunması da təklif edilib.
Agentlik qeyd edir ki, Yaponiya hökumətində Rusiyanın bu təklifinin arxasında şimal torpaqları məsələsinin qeyri-müəyyən müddətə kənara qoyulması istəyinin dayanmasından ehtiyatlanırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio