REGİONLAR
Şirin bibər bitkisi Azərbaycanda ilk dəfə olaraq in vitro şəraitdə yetişdirilir
Bakı, 19 fevral, AZƏRTAC
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Aqrobiotexnologiya laboratoriyasında şirin bibər bitkisinin ilk dəfə olaraq in vitro şəraitdə yetişdirilməsi həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, institutda şirin bibər bitkisinin seleksiyası istiqamətində tədqiqat işləri uzun müddət ənənəvi seleksiya metodlarına əsasən aparılıb. Hazırda müasir biotexnoloji metodlardan istifadə edilməklə, şirin bibərin in vitro şəraitdə yetişdirilməsinə dair tədqiqat işlərinə başlanılıb. Ənənəvi seleksiya metodlarından fərqli olaraq bu üsul sortların daha qısa müddətə yaradılmasına və keyfiyyət göstəricilərinin yüksək olmasına imkan yaradır.
İnstitut tərəfindən aparılmış uzunmüddətli tədqiqat işləri nəticəsində şirin bibərin həm açıq, həm də örtülü sahə üçün yerli sortları yaradılıb və rayonlaşdırılıb. Bu məqsədlə institutda şirin bibərin rayonlaşdırılmış sortlarından istifadə edilir. İn vitro şəraitdə şirin bibərin yerli sortları qəbul olunmuş beynəlxalq metodikanın tələbinə uyğun olaraq bitkinin böyümə və inkişafı üçün zəruri hesab edilən müxtəlif qida maddələrindən hazırlanmış qida mühitində yetişdirilir.
Eyni zamanda, laboratoriyada in vitro şəraitdə əmələ gəlmiş bitkilərin üzərində patogen göbələklərin, Elisa və PZR üsulları ilə virusların müəyyən edilməsi istiqamətində tədqiqat işləri aparılır. Bitkinin bütün həyat tsiklinə mütəxəssislər tərəfindən müasir avadanlıq və cihazlar vasitəsilə süni iqlim otaqlarında nəzarət həyata keçirilir. Belə ki, müasir seleksiyada biotexnoloji metodların tətbiqi olduqca mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə institutda tədqiqat işlərinin daha da genişləndirilməsi nəzərdə tutulur.