REGİONLAR
Şirvanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi silsilə tədbirlərlə qeyd edilib
Şirvan, 11 may, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan silsilə tədbirlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və kollektivləri, şəhid ailələri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsinə dərin ehtiram ifadə olunub. Tədbir iştirakçıları tərəfindən Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanışlıq olub.
Şirvan Folklor Evində təşkil edilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Ulu Öndər Heydərin tükənməyən tarixi xidmətləri sırasında onun ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illəri əhatə edən müddət ərzində siyasi fəaliyyətinin müxtəlif dövrlərindən və ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində gördüyü misilsiz xidmətlərdən danışıb. Sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əsrin adamı” sənədli filmi nümayiş olunub.
Tədbirlər çərçivəsində Şirvan Şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında yerləşən Zəfər Abidəsinin önündə və Heydər Əliyev Parkında şəhərin mədəniyyət və incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil olunub. Respublikanın tanınmış incəsənət nümayəndələrinin iştirak etdiyi konsert proqramı şəhər sakinləri tərəfindən maraqla qarşılanıb. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla sona çatıb.