REGİONLAR
Siyəzəndə onlayn breyn-rinq çempionatının qalibləri müəyyənləşib
Siyəzən, 22 may, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə keçirilən onlayn breyn-rinq çempionatının qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr olunmuş “Azərbaycan - doğma Vətənim” adlı breyn-rinq yarışı gənclər arasında təşkil olunub.
Mobil tətbiq vasitəsilə təşkil olunan intellektual turnirdə 50-yə yaxın gənc iştirak edib. Oyun ərzində iştirakçılar fərdi olaraq Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası, mədəniyyəti, idmanı və başqa sahələr üzrə biliklərini yoxlayıblar.
Yarış gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyəsi, intellektual oyunların gənclər arasında təbliği, gənclərin dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb.
İki gün davam edən onlayn rayon çempionatının nəticələrinə əsasən İsmət Allahverdiyev birinci, Rəcəb Qurbanov ikinci, Mirkamil Əlifov üçüncü yerin qalibi olublar. Qaliblər xüsusi karantin rejimi başa çatdıqdan sonra mükafatlandırılacaqlar.