MƏDƏNİYYƏT
Soltan Hacıbəyovun 100 illiyi konsert proqramı ilə qeyd olunub
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Milli İncəsənət Muzeyində görkəmli Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun 100 illiyi ilə bağlı konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konsert Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.
Konsertdən əvvəl çıxış edən Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova bildirib ki, mayın 8-də Soltan Hacıbəyovun 100 yaşı tamam olur.
Qeyd edilib ki, Prezident İlham Əliyev aprelin 1-də görkəmli Azərbaycan bəstəkarı, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Soltan Hacıbəyovun anadan olmasının 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq ölkəmizin hər yerində görkəmli bəstəkara həsr olunmuş silsilə tədbirlər təşkil edilir. Bu sayca 4-cü konsertdir. Konsertdə Soltan Hacıbəyovun əsərləri səslənəcək.
Soltan Hacıbəyovun bənzərsiz əsərlər müəllifi olduğunu söyləyən sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnar Verdiyeva qeyd edib ki, onun həm simfonik yaradıcılığı, həm balet, opera, operetta janrlarında xidmətləri danılmazdı. Xüsusilə onun simfonik musiqisi bəstəkarı dünyaya tanıtmışdır. Əlbəttə ki, Soltan Hacıbəyovun vizit kartı “Karvan” əsəridir. Bu, bütün dünyada tanınmış çox gözəl bir əsərdir.
Konsertdə bəstəkarın “Yelkən”, “Laylay”, “Gülşən” baletindən fraqmentlər, “Qəşəngdir”, “Bakının işıqları” və digər musiqiləri səsləndirilib.