REGİONLAR
Sosial könüllülərlə sağlamlıq imkanları məhdud şəxslərin görüşü təşkil olunub
Naxçıvan, 2 dekabr, AZƏRTAC
Muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, bu sahədə maddi-texniki baza möhkəmləndirilir, sosial xidmətlərin həcmi və keyfiyyəti artırılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müvafiq kateqoriyadan olan şəxslərin asudə vaxtlarının səmərəli təşkili, istedadlarının üzə çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu tədbirlərin davamı olaraq, 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə sosial könüllülər və istedadlı sağlamlıq imkanları məhdud şəxslərin görüşü keçirilib.
Tədbirdə çıxış edənlər muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərdən danışıb, bu sahədə birgə tədbirlərin əhəmiyyətindən bəhs ediblər. Sağlamlıq imkanları məhdud gənclərdən Nail Hacıyev əlilliyi olan şəxslərin cəmiyyətdəki rolu və istedadlarının üzə çıxarılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib, yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Daha sonra görüş iştirakçıları müxtəlif uğur hekayələrindən bəhs edən qısametrajlı videoçarxları izləyib, mövzu ətrafında fikir mübadiləsi aparıblar. Tədbirdə iştirakçılar fərdi inkişafları və əldə etdikləri uğurlardan da danışıb, istedadlarına uyğun yaradıcılıq nümunələri hazırlayaraq nümayiş etdiriblər.