MƏDƏNİYYƏT
Sosial təcrid zamanı təbiətin təsvirinə dair fotomüsabiqə başlayıb
Bakı, 30 iyul, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Avropa ölkələri üçün İqtisadi Komissiyası (UNECE) özünütəcrid zamanı heyvanlar, quşlar və bitkilərin heyrətamiz şəkilləri üzrə müsabiqə keçirir.
AZƏRTAC xəbər verir ki, müsabiqə şəkilləri internet qalereyasında nümayiş olunmaq şansı qazanacaq və BMT tərəfindən təbliğ ediləcək. Ən yaxşı 13 fotoşəkil UNECE-nin 2021-ci il təqvimində işıqlandırılacaq, həmçinin gələn ilin payızında BMT-nin Cenevrə bölməsindəki Millətlər Sarayında təşkil ediləcək fot sərgidə nümayiş olunacaq.
Müsabiqə hər kəs üçün açıqdır. Hər bir iştirakçı maksimum 3 fotoşəkil təqdim edə bilər. Təqdim edilən bütün fotoşəkillər JPEG formatda olmalıdır, digər formatlar qəbul edilməyəcək.
Müraciətlərə UNECE-nin Meşələr və Meşə Sənayesi və Ətraf Mühit Siyasəti Komitələrinin Büro üzvləri, eləcə də təbiət fotoqraflarından ibarət münsiflər baxacaq. Seçim meyarlarına texniki keyfiyyət, vizual təsir və fotoşəkilin orijinallığı daxildir. Qalib fotolardan başqa qəbul meyarlarına cavab verən bütün digər diqqətəlayiq fotoşəkillər təşkilatçıların veb-saytları və ya sosial media hesabları vasitəsilə paylaşılacaq.
Ətraflı məlumat əldə etmək və yarışmaya qatılmaq üçün “natureunlocked.unece.org” saytına daxil olun.