REGİONLAR
Soyuq günlərin ən dadlı yeməyi – qurut FOTO VİDEO
Qazax, 12 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Azərbaycanın, eləcə də bütün türk xalqlarının ən qədim yeməklərindən biri də qurutdur. Min illərlə yaşı olan quruta bütün türk xalqlarının dillərində rast gəlmək mümkündür. Ona özbəklər qurt, qazaxlar kyurt, tatarlar kort, kırt, başqırdlar korot, tacik, uyğur, qırğız və Anadolu türkləri kurut, buryat və xakaslar xurut, monqollar xuruud, xurut, türkmənlər isə ak qurt deyirlər.
AZƏRTAC xəbər verir ki, qurut Qazaxda da çox sevilir və onun hazırlanmasına xüsusi diqqət yetirilir. Bu yeməyi qatqısız nehrə yağından, prosesin sıfırdan hazır olma mərhələsinə qədər əsl kənd üsulu ilə hazırlayanlar hələ də var.
Düzgün hazırlanmış, vitaminlərlə zəngin olan qurutu keyfiyyətini itirmədən 7-8 il saxlamaq mümkündür. Bu səbəbdən də, o daim səyyahların, döyüşçülərin, ziyarətçilərin özləri ilə götürdükləri əsas qida məhsulu olub. Hazırda ölkəmizdə qurut ən çox xəngəl üzərinə əlavə edilərək yeyilir.
Qazaxın Ürkməzli kəndində qurutu qədim ənənələr əsasında hazırlayırlar. Kənd sakini Çəmən Orucova bu gün də nənələrindən öyrəndiyi üsullarla hər həftə nehrə çalxalayır, yağ düzəldir, yağdan ayrılan ayran ilə isə qurut hazırlayır. O, bu ənənəni 30 ildir davam etdirir.
“Qatığı nehrədə çalxalayıram. Yağını götürürəm, ayranını torbaya tökürəm. Suyu çıxana kimi torbanın üstünə yekə daş qoyuruq. Arada daşı götürüb o yan-bu yana çeviririk, suyu tam çıxır. Sonra torbadan çıxarıb duz töküb yoğururam, xəmir yoğuran kimi. Ondan sonra duzuna baxıram. Duzu yaxşı olanda, qurut da yaxşı dadlı olur”, - deyə Çəmən Orucova bildirib.
Nehrə çalxalamaq fiziki güc tələb etdiyindən ona bu işdə çox vaxt qonşuları da kömək edir. Vəsilə Osmanova da onlardan biridir: “Mən kəndə gəlin gələndən qaynanamgil heyvandarlıqla məşğuldur. Mən də burada görmüşəm, kömək edərək öyrənmişəm. Qayınanamla həmişə nehrə çalxalamışıq. Hər zaman da öz məhsulumuzdan istifadə etmişik”.
Çəmən Orucova ilə söhbət zamanı deyir ki, nehrə ilə qurut hazırlanması çətin olduğuna görə insanlar artıq bu üsuldan imtina edirlər. Bəziləri isə hətta daha asan başa gələn qatıq süzməsindən qurut hazırlayır. “İndiki dövrdə çox adam təbii üsulla qurut hazırlamır. Asan üsula keçiblər, nehrədən istifadə etmirlər. Adi qatıqdan düzəldirlər, tok maşını var ondan düzəldirlər. Biz isə nehrədən düzəldirik deyə tələbat da çoxdur. Əsasən özümüz istifadə edirik, artığını da satırıq. Bir də görürsən heç çatmır”, - deyə Çəmən Orucova vurğulayıb.
Payız və qış fəsillərində quruta tələbat da artır. Çəmən Orucovanın hazırladığı məhsulları elə evindən gəlib alıb aparırlar. İndi bazarlarda qiyməti 2 manat 50 qəpiyədir. Qurutu Bakı və Sumqayıtla yanaşı, xaricdən də sifariş edənlər çox olur. Həmsöhbətimiz deyir ki, onun hazırladığı qurut hətta Rusiya və Almaniyaya qədər gedib çıxır.
RN CR