MƏDƏNİYYƏT
“Start” IX Beynəlxalq film festivalında gənclər “Qızıl nar” uğrunda yarışacaqlar
Festivalın direktoru Fehruz Şamıyev AZƏRTAC-a bildirib ki, Gənclər və İdman Nazirliyi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək builki festival bir sıra yeniliklərlə yadda qalacaq. İlk yeniliklərdən biri təşkilatçılar sırasına “Azərbaycanfilm” kinostudiyasının qoşulması olub. Son iki ildə kinostudiya gənc kinematoqrafçıların yaradıcılığı ilə bağlı bir çox layihələr həyata keçirib. Kinostudiyanın “Start” Beynəlxalq film festivalına dəstək olması da məhz bu layihələrin davamıdır. Biz də “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi olaraq kinostudiyanın bu addımını yüksək qiymətləndiririk.
Vurğulanıb ki, Qafqazın ən böyük qısametrajlı film yarışması olan “Start”da bu ildən etibarən festivalın qaliblərinə “Qızıl nar” mükafatı təqdim olunacaq.
F.Şamıyev deyib ki, yaxın günlərdə filmlərin qəbuluna başlanacaq. Hər il festivalda iştirak etmək istəyən gənclərin və onların təmsil etdiyi ölkələrin sayı artır. Sevindirici haldır ki, iştirakçı olmaq arzusunda olan ölkələrin əksəriyyəti kino ənənəsi olan dövlətlərdir. Belə dövlətlərin sırasında Fransa, Rusiya, Almaniya, İran, Serbiya, İspaniya və bu kimi ölkələr var.