MƏDƏNİYYƏT
Strateji Yol Xəritəsi: 2025-ci ilə qədər Azərbaycandan Avropanın iri şəhərlərinə birbaşa uçuşların sayı 100-ə çatdırılacaq
Bakı, 17 dekabr, AZƏRTAC
2025-ci ilə qədər Azərbaycanın yerləşdiyi region daxilində ən hərəkətli hava limanlarından birinə malik olması məqsədi qarşıya qoyulacaqdır və bu çərçivədə prioritet kimi Avropanın iri şəhərlərini əhatə edən birbaşa uçuşların sayının 49-dan 100-ə çatdırılması hədəflənəcəkdir. Hədəf bazarlardan daha çox turistin cəlb edilməsi məqsədilə qış və yay turizm mövsümü ərzində çarter reyslərinin də sayının artırılması əsas götürüləcəkdir. Əsas diqqət aşağı büdcəli uçuşlar vasitəsilə sərnişin daşımalarına yönəldilməklə, hava limanlarına da investisiya qoyuluşları təmin ediləcəkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb.
Yol Xəritəsində 2025-ci ilə qədər Azərbaycanda mükəmməl turizm təcrübəsinə nail olmaq üçün qarşıya qoyulan uzunmüddətli təşəbbüslər istiqamətində regionlarda və Bakıda təkmilləşdirilmiş turizm infrastrukturunun qurulmasına nail olunacağı qeyd edilir.