REGİONLAR
Sumqayıt kimyaçıları Milli Qurtuluş Gününü qeyd ediblər
Sumqayıt, 13 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
SOCAR “Azərikimya” İstehsalat Birliyinin kollektivi 15 İyun – Milli Qurtuluş Gününü qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Sumqayıt kimyaçıları ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucalan abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Birliyin akt zalında keçirilən tədbirdə çıxış edən “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri İmran Arzumanzadə bildirib ki, çağdaş tariximizin 34 ili Heydər Əliyevin adı ilə bağlı olub və həmin illər xalqın taleyində şanlı və parlaq səhifələrə çevrilib. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıdışı xalqımızın, dövlətimizin və dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin başlanğıcı oldu. Bu, təkcə Azərbaycan vətəndaşlarının müsibətlərdən qurtuluş günü deyil, eyni zamanda, müstəqilliyimizin, dövlətçiliyimizin qurtuluşudur. Çünki Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı, iqtisadi tənəzzülə son qoyuldu, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradıldı.
Tədbirdə çıxış edənlər Ulu Öndərin neft-kimya sənayesinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışaraq vurğulayıblar ki, Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilməsi üçün zəmin yarandı, respublikamızın dünya miqyasında nüfuzu xeyli artdı.
Bildirilib ki, Sumqayıtın və buradakı kimya sənayesinin inkişaf və tərəqqisi bilavasitə Ulu Öndərin adı ilə bağlıdır.
Qeyd olunub ki, indi xalqımız Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, dövlətçiliyimizin qorunması, yeni-yeni iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində yorulmadan çalışan Prezident İlham Əliyevin rəhbərliyi altında sabaha böyük ümid və inamla baxır.
Tədbirin sonunda Sumqayıt şəhər 31 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub.