REGİONLAR
Sumqayıtda orta məktəblərin yeni tədris ilinə hazırlığı yekunlaşır
Sumqayıt, 13 sentyabr, AZƏRTAC
Sumqayıtda 2017-2018-ci tədris ilinin başlanmasına hazırlıq işləri ilə əlaqədar olaraq müşavirə keçirilib.
Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə rayon rəhbərliyi, təhsil şöbəsinin əməkdaşları, orta məktəblərin müəllimləri iştirak ediblər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ümummilli lider Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Yeni dərs ilinin başlanmaq üzrə olduğunu vurğulayan Z.Fərəcob qeyd edib ki, bununla əlaqədar ümumtəhsil müəssisələrində təmir-bərpa işləri yekunlaşmaqdadır. Sumqayıtda bütün məktəblərdə təmir-bərpa işləri yüksək səviyyədə aparılıb. Tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində lazımi tədbirlər görülüb.
Müşavirədə yeni dərs ili ilə əlaqədar məktəblərdə görülmüş işlər, eləcə də həlli vacib olan məsələlər müzakirə edilib, tapşırıqlar verilib.
Sonda Zakir Fərəcov 3, 17 və 24 saylı tam orta məktəblərdə aparılan təmir işləri ilə tanış olub.