İQTİSADİYYAT
Şuşaya 10 mininci sərnişin səfər edib
Bakı, 24 avqust, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) təşkil etdiyi müntəzəm avtobus marşrutu ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya 10 mininci sərnişin səfər edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Gülnar Kamal qızı Orucova bugünkü reys ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınıb.
Əslən şuşalı olan, 5 yaşında ailəsi ilə Şuşanı tərk edən Gülnar Orucova 30 ildən sonra atası Kamal Həsənovla birgə doğma şəhərini ziyarətə gedib.
Gülnarə Orucova qeyd edib ki, ailəsi məcburi köçkün olaraq Qəbələdə məskunlaşıb, buna baxmayaraq onlar Şuşaya bağlı ruhda böyüyüblər.
“Şuşa haqqında valideynlərimdən o qədər xatirələr eşitmişəm ki, mənə elə gəlir, bütün ömrümü Şuşada keçirmişəm”, – deyə Gülnar Orucova bildirib.
DANX-ın rəisi Anar Rzayev təntənəli yolasalma mərasimində Gülnar Orucovaya “10000-ci sərnişin sertifikatı” və hədiyyə təqdim edib.
Xidmət rəisi bildirib ki, işğaldan azad olunmuş ərazilərə 2022-ci il yanvarın 24-dən etibarən həyata keçirilən səfərlərə maraq olduqca böyükdür :“Bu günədək müəyyən edilmiş istiqamətlər üzrə 312 reys həyata keçirilib, 13 min 069 nəfər Şuşa, Ağdam və Füzuli şəhərlərini ziyarət edib. Bu gün isə Şuşaya 10 mininci sərnişini yola salırıq”.
Qeyd edək ki, müəyyən olunmuş istiqamətlər üzrə bilet satışı “www.yolumuzqarabaga.az” portalı vasitəsilə onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya olunub. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş edirlər. Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən Müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir.
Sərnişindaşımanı həyata keçirən sürücüləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsizliyinə dair təlimlərə cəlb edib. Onlara əsas təhlükəsizlik qaydalarına dair təlimat kitabçaları təqdim olunub. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdirilir.
Səfər zamanı təhlükəsizliyin təmin olunması məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edir.
Sərnişinlər tərəfindən Şuşa, Ağdam və Füzuli şəhərlərində yerləşən tarixi, mədəni və dini abidələr ziyarət olunur.