ELM VƏ TƏHSİL
TƏHSİL NAZİRLİYİNDƏ ALMANİYAYA GÖNDƏRİLƏN MÜƏLLİM VƏ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, nazir Misir Mərdanov çıxış edərək Azərbaycan ilə Almaniya arasındakı təhsil əlaqələrinin əhəmiyyətindən danışmış və bu əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. Eyni zamanda, Almaniyaya göndərilən müəllim və tələbələrə xoş arzularını bildirmişdir.
Almaniyanın Bakıdakı səfiri Klaus Qrevlix iki ölkə arasındakı dostluq münasibətlərindən söhbət açmışdır.
Alman Akademik Mübadilə Xidmətinin respublikamızdakı nümayəndəsi xanım Ulrike Miter Azərbaycanın təhsil ocaqlarında alman dilinin tədrisinin genişləndiriləcəyinə əmin olduğunu söyləmişdir.
Görüşdə qeyd edilmişdir ki, Almaniyaya göndərilən müəllimlər orada tədqiqat işləri aparacaq, tələbələr dil kurslarında və s. iştirak edəcəklər.
Çıxış edən müəllim və tələbələr onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər.