MƏDƏNİYYƏT
TARZƏN ƏLİKRAM HÜSEYNOVUN 80 İLLİYİNƏ HƏSR OLUNMUŞ YUBİLEY GECƏSİ KEÇİRİLMİŞDİR
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Əlikram Hüseynovun hələ gənc yaşlarından musiqiyə maraq göstərdiyini, tar məktəbinin istedadlı ifaçılarından biri kimi dahi Üzeyir Hacıbəyovun diqqətini cəlb etdiyini bildirmişdir. Natiq tara olan xalq məhəbbətinin daha da artmasında, bu alətin dünya musiqisevərlərinə yaxından təqdim olunmasında Ə.Hüseynovun xidmətlərini diqqətə çatdırmış, onun Azərbaycan Dövlət Opera və Balet Teatrında yarım əsrdən çox bir müddət ərzində fəaliyyət göstərdiyini vurğulamışdır. Milli opera sənətinin inciləri olan “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl” və “Aşıq Qərib”də ifa etdiyi muğamların onu bir tarzən kimi tamaşaçılara sevdirdiyi qeyd edilmişdir. Nazir Ə.Hüseynovun Azərbaycanın mədəniyyət tarixində xüsusi yeri olan görkəmli sənətkarlardan Bülbülü, Xan Şuşinskini, Əbülfət Əliyevi, Rübabə Muradovanı, Zeynəb Xanlarovanı yüksək peşəkarlıqla müşayiət etdiyini diqqətə çatdırmışdır. Ə.Qarayev yubilyarı ürəkdən təbrik etmiş, nazirlik adından ona təbriknamə və mükafat təqdim etmişdir.
Mərasimdə Əlikram Hüseynovun müşayiəti ilə “Leyli və Məcnun” operasından kiçik səhnə təqdim edilmiş, xalq artistləri Canəli Əkbərov, Qəndab Quliyeva, Arif Babayev və başqalarının ifasında muğam və təsniflər səslənmişdir.