İQTİSADİYYAT
“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək bir neçə müsabiqənin qeydiyyat müddəti uzadılıb
Bakı, 18 fevral, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu il mayın 26-29-da Bakıda ilk dəfə keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ilə bağlı çoxsaylı müraciətlər nəzərə alınaraq bir neçə müsabiqənin qeydiyyat müddəti uzadılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, innovativ ideya və layihələrlə çıxış edən məktəbli, tələbə və gənc sahibkarların festivala göstərdiyi böyük maraq və yüksək fəallıq səbəbindən adları qeyd edilən müsabiqələrin qeydiyyat tarixi 2022-ci il fevralın 28-ə qədər uzadılır: “Baku Skills”; “Yaşıl texnologiyalar”; “Aqrar texnologiyalar”; “Sosialyönümlü texnologiyalar”; “Robotexnika”.
Bundan əlavə, “Ağıllı şəhər” konsepsiyasını ehtiva edən “SMART QARABAĞ” Hakatonu üçün son müraciət tarixi dəyişdirilərək aprelin 1-i müəyyən olunub.
“Peyk modelləşdirilməsi”, “Pilotsuz uçuş aparatları” və “Sailplaner” adlı yarışlar üzrə qeydiyyat isə fevralın 17-dən etibarən dayandırılıb.
Əlavə məlumat əldə etmək üçün: (050) 251-40-28; [email protected]; teknofest.az