İQTİSADİYYAT
TİKİNTİ-QURAŞDIRMA İŞLƏRİNƏ YÖNƏLDİLƏN VƏSAİT 9,5 FAİZ ARTMIŞDIR
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda inşaat kompleksində bütün maliyyə mənbələrindən iqtisadi və sosial sahələrin inkişafına 4,8 milyard manat, yaxud 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala 15 faiz çox sərmayə yönəldilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, sərmayənin 3,6 milyard manatı (75,4 faizi) qeyri-dövlət bölməsinə məxsus müəssisələr və fiziki şəxslər, 1,2 milyard manatı isə dövlət bölməsinin idarə və təşkilatları tərəfindən qoyulmuşdur. Bilavasitə tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsait 9,5 faiz artaraq 2,4 milyard manata çatmış və ümumi sərmayənin 50,7 faizini təşkil etmişdir. İstifadə edilmiş investisiyanın 85,8 faizi və ya 4,1 milyard manatı istehsal təyinatlı obyektlərin tikintisinə sərf olunmuşdur.