MƏDƏNİYYƏT
TURİZM ŞİRKƏTLƏRİNİN NÜMAYƏNDƏLƏRİ QƏBƏLƏNİN HOTELLƏRİ İLƏ TANIŞ OLMUŞLAR
Qəbələ, 8 avqust (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Gilan-Turizm” MMC-in təşkilatçılığı Qəbələnin turizm potensialının təqdimatı layihəsi çərçivəsində turizm şirkətlərinin nümayəndələri müasir hotel və sanatoriyalarla tanış olmuşlar.
Turizm şirkətlərinin Qəbələdəki hotel və sanatoriyalarla yaxından tanış olması, onlar arasında əlaqələrin qurulması, xidmətlərin nümayiş etdirilməsi, eləcə də daxili turizmin effektli və davamlı inkişaf etdirilməsi məqsədi ilə keçirilən infoturun ikinci günü, avqustun 8-də 50-dək yerli və xarici turizm şirkətinin işçisi və 15-ə yaxın KİV nümayəndəsi Qəbələ rayonundakı “Qafqaz Resorte” və “Qafqaz SPA” hotellərinə və “Yengicə” İstisu sanatoriyasına səfər etmişdir. Qonaqlara obyektlərin imkanları barədə ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
Avqustun 7-də turizm şirkətlərinin işçiləri və KİV nümayəndələri “Qafqaz Riverside” hoteli, Qəbələ Tarix Diyarşünaslıq Muzeyi və “Cümə” məsçidi ilə də tanış olmuşdular.