SİYASƏT
TÜRKİYƏ NATO-DAN DƏSTƏK GÖZLƏYİR
Məlum olduğu kimi, Fransa, Almaniya və Belçika NATO-nun Türkiyəyə dəstək və yardım göstərilməsi barədə qərar layihəsinə veto qoymuşdur. ABŞ-ın təşəbbüsü ilə hazırlanan qərar layihəsində İraqa qarşı müharibə şəraitində Türkiyənin NATO-nun himayəsi altına alınması, bu ölkəyə “Avaks” təyyarələrinin göndərilməsi və orada “Patriot” raketlərinin yerləşdirilməsi nəzərdə tutulurdu. Həmin ölkələrin bu məsələdə mövqeyi ən çox ABŞ və İngiltərənin narazılığına səbəb olmuş, ABŞ prezidenti Corc Buş Fransa, Almaniya və Belçikanın mövqeyinin “anlaşılmaz” olduğunu, NATO-nun nüfuzuna xələl gətirdiyini söyləmişdir.
Türkiyənin baş naziri Abdullah Gül jurnalistlərin suallarına cavab verərkən demişdir: Onun ölkəsi dünyanın ən güclü ordularından birinə malikdir. Təkbaşına da bütün təhlükələrin öhdəsindən gələ bilər. Ancaq Türkiyə uzun illər NATO çərçivəsində Avropa ölkələrinin təhlükəsizliyini təmin etmişdir. Bu ittifaq çərçivəsində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir. Hazırda Türkiyənin eyni diqqəti müttəfiqlərindən gözləməsi təbii haldır.
Türkiyə NATO-ya üzv olan ölkələri fövqəladə iclasa çağıraraq bu İttifaqın dördüncü maddəsinin qüvvəyə minməsini istəmişdir. Şimali Atlantika İttifaqı Nizamnaməsinin 4-cü maddəsinə əsasən , NATO-nun hər hansı bir üzvünə qarşı təcavüz İttifaqa qarşı hərbi təcavüz kimi qiymətləndirilir və bununla əlaqədar əlbir əks tədbirlər görülür.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara