Tağı Əraninin irsinin araşdırılması və öyrənilməsi olduqca vacibdir
AzerTAg.az

Bakı, 26 yanvar, AZƏRTAC
Pəhləvilər dövründə İranda insan haqları uğrunda mübarizələrdə mütərəqqi fikirli insanlar fəallıq göstərirdilər. Şah hakimiyyətinə qarşı mübarizə aparan, XX əsrin I yarısında İranda yetişmiş mütərəqqi, azadlıqsevər azərbaycanlı ziyalılardan biri də Tağı Ərani olub.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi dosent Əli Fərhadov bildirib. O qeyd edib ki, Tağı Ərani 1902-ci ildə Təbrizdə anadan olub, Tehran Universitetində tibb, Berlin Universitetində fizika-kimya və fəlsəfə təhsili alıb, ona fiziki kimya üzrə doktorluq elmi dərəcəsi verilib. Tağı Ərani Berlində tələbəlik illərində müxtəlif jurnallarda elmi-fəlsəfi məqalələrini nəşr etdirir. O, Berlin Universitetində ərəb-fars ədəbiyyatı üzrə professor olub, Tehrana qayıtdıqdan sonra orta məktəblərdə və Tehran Universitetində fizika-kimya ixtisası üzrə tədris aparıb, “Dünya” jurnalının naşiri və redaktoru olub.
Onun sözlərinə görə, Tağı Ərani Tehranda Pəhləvi şah hakimiyyətinə qarşı mübarizə aparıb. 1931-ci ildə Rza şah Pəhləvi tərəfindən ölkədə söz azadlığını qadağan edən qanun imzalanıb, ancaq şahpərəst mətbuata icazə verilib. Buna baxmayaraq, Tağı Ərani 1933-cü ildən sonra “Dünya” jurnalını nəşr edib, jurnalda dünyəviliyi, azadlıq ideyalarını, qadın haqlarını təbliğ edib.
“Dünya” jurnalının elmi-fəlsəfi ideya istiqaməti, xalq hakimiyyətini, din və vicdan, söz azadlığını, cümhuriyyət quruluşunu təbliğ etməsi, Pəhləvilərin diktatura siyasətini, məhkəmə və icra sistemini tənqid etməsi hökumət tərəfindən 1935-ci ildə jurnalın nəşrinin qadağan edilməsinə səbəb olur. Tağı Ərani və tərəfdarları həbs edilib işgəncələrə məruz qalır. O, 1940-cı ildə həbsxanada işgəncə ilə öldürülür.
Alim bildirib ki, Tağı Ərani öldürülsə də, onun ideyalarını tərəfdaşları davam etdirirlər. Azərbaycan Demokrat Firqəsinin (ADF) və “21 Azər” hərəkatının lideri Seyid Cəfər Pişəvəri də Tağı Ərani irsinə böyük dəyər verib. ADF-nin orqanı olan “Azərbaycan” qəzetində Tağı Əraninin məqalələri, fikirləri təbliğ edilib.
“Tağı Əraninin, Seyid Cəfər Pişəvərinin ideyaları xüsusi əhəmiyyət daşıyır, onların irsinin araşdırılması və öyrənilməsi olduqca vacibdir”, - deyə alim fikrini yekunlaşdırıb.
Xəbərin mətnində orfoqrafik səhv var